Çin və Rusiya arasında Qazaxıstandan neft tədarükü ilə bağlı gizli qarşıdurma başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Eurasianet” yazıb.
Mənbə bildirir ki, Çin iqtisadiyyatının zəifləməsi ilə Pekin Qazaxıstan neftinin dünya bazarına sərbəst çıxmasını istəyir:
“Pekinin bu istəyi baş tutmasa, neftin qiyməti kəskin artacaq və Çin mallarına tələb azalmağa başlayacaq”.
O da qeyd olunur ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Moskva iki dəfə Qazaxıstandan neft nəqlini əngəlləyib: “Rusiyanın səbəbləri önəmli deyil, əsas odur ki, bu cür davranışlar Pekinin xoşuna gəlmir”.
Saytın iddiasına görə, Çin blokadaya görə Rusiyaya gizli şəkildə xəbərdarlıq edib. Üstəlik, Pekin açıq şəkildə bəyan edib ki, Qazaxıstan neftinin ixracı məsələsinə müdaxiləyə dözmək fikrində deyil.
Avqustun 23-də “Kommersant” yazıb ki, “Xəzər boru kəməri (CPC) ilə Qazaxıstan neftinin dünya bazarına tədarükü bu il dördüncü dəfə avadanlıqların sıradan çıxması səbəbindən 15 milyon ton azala bilər.
“Röyter” isə Qazaxıstanın öz neftini Rusiyadan yan keçməklə - Azərbaycan üzərindən dünya bazarlarına çıxarmağa hazırlaşdığını iddia edir. Agentlik bu barədə yaxınlarda iki ölkə arasında anlaşmanın əldə ediləcəyini də bildirir.