“Ukrayna Prezidenti Vladimir Zelenskinin saxta sülh təşəbbüsü Kiyevin döyüş meydanında qalib gəlmək istəyində qərarlı olduğunu göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Zelenskinin dekabrın 12-dəki növbəti televiziya müraciəti yeniliyi və ya dərinliyi ilə deyil, cinayətkarlığı və vicdansızlığı ilə diqqəti cəlb etdi. Bu dəfə Kiyevdəki neonasist rejiminə Rusiya ilə qarşıdurmada daha çox dəstək vermək üçün tapşırıq aldığı “Yeddilik Qrupu”nun liderlərinə üz tutdu. Bu “yaradıcı qrup” yeniliklərə qadir deyil, bunu artıq başa düşürük. Söhbət Kiyev rejiminin sponsorlarından əlavə hərbi və maliyyə yardımının göstərilməsindən, Rusiyadan isə Milad bayramına kimi Zelenskinin dediyi kimi, qoşunların Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarılması tələbindən gedirdi”, - diplomat bildirib.
Zaxarova Zelenskinin reallıqdan uzaq olduğunu iddia edib.
O qeyd edib ki, bu cür psevdosülh təşəbbüsləri “diplomatik həll üsullarına sadiqlik” barədə sözlərlə maskalanır. Zaxarova vurğulayıb ki, Kiyev rejiminin əsas missiyası döyüş meydanında qələbə olaraq qalır və Kiyevin qanunvericilik səviyyəsində qadağan etdiyi Rusiya ilə danışıqlar Zelenskinin planlarına daxil edilməyib.
Rusiya rəsmisi bildirib ki, diplomatiyadan imtinaya görə bütün məsuliyyət Kiyevin üzərinə düşür: “O zaman hansısa prinsipial razılığa gəlmək daha çətin olacaq”.