Uşaqların həyat əhəmiyyətli vaksinasiya ilə təmin olunmasını 90 faizə çatdıran ölkələrin sayı 2000-ci ildən etibarən iki dəfə artıb. Bu məlumatı Dünya Səhiyyə Təşkilatı (DST) yayıb.
Dünyada vaksinasiyanın vəziyyəti barədə yeni məruzədə bildirilir ki, hazırda 129 ölkədə uşaqların 90 faizdən çoxu difterit, tetanus və göyöskürəyə qarşı üç doza vaksinlə təmin olunub.
On beş il əvvəl difterit, tetanus və göyöskürəyə qarşı bir doza da olsun vaksin almayan uşaqların sayı 20 milyondan çox olub. Hazırda belə uşaqların sayı 12 milyondan azdır.
Dünyanın altı ölkəsində - Mərkəzi Afrika Respublikası, Çad, Ekvatorial Qvineya, Somali, Cənubi Sudan və Suriya Ərəb Respublikasında difterit, tetanus və göyöskürəyə qarşı peyvənd olunan uşaqların sayı 50 faizdən azdır.