18 Aprel 2017 13:39
3 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün şair, tərcüməçi Tofiq Bayramın anım günüdür.

Teleqraf.com şairin xatirəsini yad edərək Zəlimxan Yaqubun vaxtilə yazdığı “Tofiq Bayram işığında” məqaləsini təqdim edir.

Onunla olan görüşləri, məclisləri, səfərləri xatırlayıram. O məclislər, o səfərlər, xatirələr dünyasını xatırlayıram. Onunla Azərbaycanın hər guşəsinə etdiyimiz səfərlər bir dünya idi. Şeiriyyət dünyası, gülüş dünyası, ürəkaçan zarafatlar, ciddi mətləblər dünyası. Təmiz ürəyi, ötgün sözü, şeirə, şeiriyyətə, poeziyaya çox aydın və maraqlı münasibəti vardı. “Nizami çələngi”, “Sabir çələngi”, “Səməd Vurğun çələngi”, “Səttar çələngi” adlı şeirlər silsiləsi həqiqətən əsl çələng idi, duyğular çələngi, poeziya çələngi. Bu şeirlər hamısı yanğının, alovlu ürəyin pıçıltıları idi. Özündən əvvəlki nəslin gördüyü, eşitdiyi, duyduğu nümayəndələrindən harada olsa böyük məhəbbətlə danışırdı. Səttar Bəhlulzadədən danışanda elə bil Allahdan danışırdı.

Yazda köçmədi ki,
solar gül-çiçək,
Köçdü təbiətin
xəzan çağında.

– şeiri elə-belə yazılmamışdı. Böyük istedadın və zəhmətin barı-bəhrəsi kimi dünyaya gəlmişdi. Səməd Vurğundan danışanda əfsanə kimi danışırdı. Səməd Vurğuna yazdığı şeirlər bir nəğmə çələngi, bir güldəstə idi. Heyf, ömrü çatmadı. Səməd Vurğun haqqında xatirələrini yazsaydı bir kitab olardı. Mehdi Hüseyndən söhbət açanda dili-dodağı əsirdi. “Deyin, harda tapılar xalis qızıl külçəsi, Mehdi Hüseyn küçəsi” şeiri Allahın ona bəxş etdiyi könül nəğməsi idi. Əli Kərimdən danışanda dəfələrlə ağladığını görmüşəm. Əli Kərimin dillər əzbəri olan şeirlərini o da əzbər bilirdi.

Tofiq Bayram kürsüyə çıxanda alqışlar salonu bürüyürdü. Onun oxuduğu şeirlər həm özünü yandırırdı, həm özgəsini. Şeiri pafosla oxuyar, hər əsərə ürəyini verər, həyəcandan titrəyər, coşardı. Tamaşaçı, dinləyici ona qulaq asanda vəcdə gələr, dəniz kimi dalğalanardı. O, kürsüyə qalxanda dağ kimi ucalır, tamaşaçının gözündə zirvəyə dönürdü. Şeiri Səməd Vurğun kimi, İslam Səfərli kimi oxumaqdan zövq alırdı.

Mən ona bağlıyam öz canım kimi,
Palıdam, kökümdən qopa bilmərəm.
Sinəmdən alsalar öz ürəyimi,
İkinci bir ürək tapa bilmərəm.

– deyən şair Vətənə, torpağa, insana, sənətkara, övladlarına çox bağlı idi.

O, gur səslə, gur nəfəslə yumruqlarını havaya qaldırıb şeir oxuyanda elə bilirdin yarış-döyüş meydanına bir güləşçi pəhləvan gəlir.

Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külündən belə,
Nəsillər tanısın Tofiq Bayramı.

– deyən şair yana-yana, kül ola-ola bütün qüvvətini, gücünü şeirin canına hopdururdu. Onun müasiri olan şairlərin əksəriyyətinə, sevdiklərinə bir-birindən gözəl qafiyələr üstündə şeir deyərdi. Zarafat üstündə deyilən o şeir parçaları dillər əzbəri olur, xalq içində çox geniş şəkildə yayılırdı. Süleyman Rüstəmə, Sərdar Əsədə, Cabir Novruza, Xəlil Rzaya, Nəriman Həsənzadəyə, Musa Yaquba, Abbas Abdullaya, Ayaz Vəfalıya, Hüseyn Arifə, Bəxtiyar Vahabzadəyə, Qabilə, Tariyel Qasımova, Malik Fərruxa, İslam Səfərliyə, İsi Məlikzadəyə, Rafiq Zəkaya, İlyas Tapdığa, Firidun Şuşinskiyə, Çingiz Əlioğluna, Nüsrət Kəsəmənliyə və başqa şair və yazıçılarımıza yazdığı şeir parçaları hamının dilində əzbər olurdu. Çünki bu şeir parçaları kimlərə yazılırdısa, hamısı təbii və gözəl səslənirdi. Çingiz Əlioğlunu görəndə deyirdi: “Çingiz əli, Çingiz əli, Sənə qurban çin gözəli”. Adını çəkdiyim və çəkmədiyim şair və yazıçılara bədahətən dediyi şeir parçalarının hamısı yadımdadır. Məni görəndə deyirdi: “Zəlimxan, ay Zəlimxan, Özüm muzdlu, elim xan”. Bu şeirlər həm də kimin haqqında yazılırdısa, onların xarakterini açırdı. Bu şeir parçalarını Tofiq Bayram yazmırdı, bədahətən deyirdi, dediyi də muncuq kimi ipə-sapa düzülür, dillərə düşürdü. Günlərin birində bir gənc şair gəlir Tofiq Bayramın yanında şeir oxuyur. Tofiq Bayram da bir beyt şeirlə cavab verir: “Nə Füzulidi, nə Seyid Əzim, Elə-belə nəzmdi, nəzm”.

Onun ömrünün yaxşı vaxtlarında ali və orta məktəblərə, kitabxanalara, əmək müəssisələrinə görüşlərə gedərdik. O görüşlərdə Tofiq Bayram coşar, daşar, gözəlləşərdi. Tamaşaçı, dinləyici alqışı onun duzu, çörəyi, havası, suyu idi. Oxucular onunla şəkil çəkdirməyi özünə fəxr bilərdi. Güllərin və gözəllərin aşiqi idi.

Çiçəkləri şeir kimi sevərdi, şeiri də çiçəklər kimi. Dəfələrlə şairin görüşlərdə güllərin içində itdiyini görmüşəm.
Onun görüşlərində gül dəstələrindən dağ yaranırdı.

Günlərin bir günü hörmətli şairdən soruşdum: Siz Bakıda, Əmircanda doğulub boya-başa çatmısınız. Bakıda yaşayıb yaradan şairlər divan ədəbiyyatı, qəzəl üstündə köklənir, ancaq sizin şeirlərinizin əksəriyyəti qoşma üstündə yazılıb, bu hansı duyğulardan qaynaqlanır? Tofiq müəllim sualıma belə cavab verdi:

“Zəlimxan, bizim ailə atamın işi ilə əlaqədar bir neçə il Ağstafada yaşamışıq. O zaman bizim evə tez-tez ustad aşıqlar, o cümlədən Aşıq Mirzə, Aşıq Əsəd gələrdi. Onların çaldığı havalar, oxuduqları aşıq mahnıları ruhuma süzülüb. Dilimdəki təmizlik, şeirimdəki axar-baxar həmin duyğulardan su içib”.

Sizin Bakıdakı evinizə kimlər gələrmiş: Xan Şuşinski, Haşım Kələntərli, Həqiqət Rzayeva, Mütəllim Mütəllimov kimi böyük sənətkarlar. Füzulidən, Seyid Əzimdən, Vahiddən oxunan əsərlər sənin ruhuna hopmuşdu. Ona görə həm sazı, həm də muğamatı, ümumiyyətlə, musiqini çox sevirdin. Üzeyir bəyə, Bülbülə, Maestro Niyaziyə, Qara Qarayevə, Hacıbaba Hüseynova, Fikrət Əmirova, Aydın Qaradağlıya və başqa sənətkarlarımıza yazılan əsərlər hamısı ürəyin, könülün diqtəsiydi.

Yenə aşıq Şəmşir oxuyar pəsdən,
Yuxuya verməyə maralı, dağlar.

və yaxud, “Qadın ürəyi” şeirindəki deyilənlər bəs edər ki, sən Tofiq Bayram şeirinin nəbzini tutasan.
Fotoşəkillərə baxıram. Bu şəkillərdə Tofiq Bayramın cavan, mənim gənc çağlarımdı. Bu şəkillərin əksəriyyəti o zamankı Lenin adına kitabxanada çəkilib. Şair və yazıçılarla burada görüşlər keçirilərdi. Orda ədəbiyyat dərnəyinə Söhrab Tahir, Tofiq Bayram, Ağacavad Əlizadə, Vilayət Rüstəmzadə başçılıq eləmişdilər.

Sonradan ədəbiyyatımızın aparıcı qüvvəsinə çevrilən Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Çingiz Əlioğlu, Musa Ələkbərli və başqa görkəmli şairlərimiz bu dərnəkdə püxtələşdilər.

Tofiq Bayram şairlərimizə, şeirmizə qarşı çox tələbkar və məsuliyyətli idi. O, “Ulduz” jurnalında, “Yazıçı” nəşriyyatında işləyəndə kimlərin şeirini bəyənirdisə, o müəlliflər toy-bayram edirdi ki, Tofiq Bayram onun şeirini bəyənib. Bir dəfə ədəbiyyat dərnəyində cəsarətə gəlib mən də şeir oxudum. Şeirdə bu misralar var idi:

Bilir atam, bilir anam,
Mən insanam.
El yolunda gərək yanam,
Mən insanam.

Birbaşa mənə dedi ki, özün insansan, şeirin deyil. Tofiq Bayram kimliyindən asılı olmayaraq, ədəbiyyatla, şeirlə bağlı heç kəsə güzəştə getmirdi. Ədəbiyyatın keşiyini göz bəbəyi kimi qoruyurdu. Biz özümüzdən əvvəlki nəslə – Məmməd Araza, Söhrab Tahirə, Xəlil Rzaya, Nəriman Həsənzadəyə, Cabir Novruza və başqa şairlərimizə böyük məhəbbət və ehtiramla baxırdıq. Tofiq Bayram da bu şairlər içərisində sevilər, seçilərdi. Məclis adamı, həyat dəlisiydi. Tofiq Bayramın çoxlu zarafatları hamının ürəyincə olurdu. Bir gün rayonların birində kənd təsərrüfatına rəhbərlik edən katib şairlərə deyir: Ukraynadan cins inəklər gətirmişik.
Hər biri gündə on litr süd verir. Tofiq Bayram cavabında deyir: Çox qanacaqsız inəklərdi. Yaxşı olmazdımı ki, bu inəklər on litr süd vermək əvəzinə, on litr araq verəydi. Hamı şairin zarafatına ürəkdən gülür. Yəqin bir vaxt gələcək Tofiq Bayramın zarafatları bir kitab kimi nəşr olunacaq. Mən Tofiq Bayramın şair dostları haqqında olan şeir parçalarını əzbər bilirəm. Hamısı gözəldi, hamısı şirindi.

Bir neçə kəlmə Tofiq Bayramın tərcüməçilik fəaliyyətindən söz açmaq istəyirəm.

Sənət timsalıdır xeyirxahlığın,
O şərə bürünsə xeyir yaranmaz.
Bir ana südünün, bir uşaqlığın,
Paklığı olmasa, şeir yaranmaz.

Bu şeir parçası A.Tvardovskinin “Üfüqlərdən üfüqlərə” poemasındandır. Doğurdan da, tərcümə şeirinin mayasında ürəyin xeyirxahlığı, uşaq dünyasının paklığı olmasa, nə o şeir, nə o tərcümə heç nəyə dəyməz.

Əgər tərcümədən söhbət gedirsə, Tofiq Bayram üçün xarakterik olan, onun çox sevdiyi iki şairin adını xüsusi çəkməliyəm. A.Tvardovskinin “Üfüqlərdən üfüqlərə” və Rəsul Həmzətovun “Durnalar” şeir kitabları.

Hər iki tərcümə kitabı dillər əzbəri olmuşdu. Tofiq Bayramın bu gün də əzbər bildiyim, sevdiyim tərcümə şeirləri var ki, oxuduqca oxucu ləzzət alır. Tofiq Bayram tərcümə şeirlərini də orijinal yaradıcılığı kimi sevir və əzbərdən deyirdi. Bəzən oxucular giley edirdilər ki, şair tərcüməyə niyə bu qədər vaxt itirir. Yaxşı olmazmı ki, orijinal yaradıcılıqla məşğul olsun. Tofiq Bayram həmin oxuculara deyirdi: Orijinal yaradıcılıq və tərcümə işi mənə iki gözüm qədər əzizdi. Tərcüməni qanköçürmə işi ilə müqayisə edirdi. Qan qrupu düz gəlməyəndə xəstəni fəlakətə apardığı kimi, tərcümə ilə orijinal düz gəlməyəndə də oxucunu çətinə salır, dolaşdırır.

1980-ci illərin ortaları idi. “Gənclik” nəşriyyatında Tofiq Bayramın “Ürəkdən ürəyə” adlı tərcümə kitabı nəşr edilmişdi. Bu kitabın müzakirəsini keçirmək üçün o dövrün görkəmli ziyalıları Yazıçılar İttifaqının Natəvan klubuna yığılmışdılar. O məclis və bütövlükdə o söhbətlər yadımdadır. Əkbər Ağayev, Pənah Xəlilov, Qulu Xəlilov, Mirmehdi Seyidzadə, Ələviyyə Babayeva və başqa görkəmli yazıçı və şairlər müzakirədə iştirak edirdilər. Tofiq Bayram şeirləri oxuyur, iştirakçılar o şeirləri təhlil edirdilər. Uğurlara hamı əl çalırdı. Göstərilən qüsurların çoxu ilə müəllif razılaşmırdı.

Tofiq Bayram Puşkindən, Lermontovdan başlamış, Sovet şeirinin ən məşhur nümayəndələrinin seçmə şeirlərini tərcümə eləmiş, millətlər arasında mənəvi körpülər salmışdı. İndi biz o körpülərdən qürurla, iftixarla keçirik.

İnsanlar, sıyrılmış xəncərinizə,
Bir-bir balaların yazın adını.
Qızışıb duranda hərdən üz-üzə,
Hər kəs xatırlasın öz övladını.

Elə bil Rəsul Həmzətovdan elədiyi bu tərcümə orijinal yaradıcılıqdır.

Boynubükük, məlul duran,
Çox daş düşüb yollarıma.
Kürəyimə bıçaq vuran,
İynə vurur qollarıma.

A.Blokdan elədiyi bu tərcümə atalar sözü kimi səslənir. Bu cür misallardan çox çəkmək olar. Ruh rəvan, dil axıcı, hisslər təmiz, duyğular rəngarəng. Budur tərcüməçinin və istedadın böyüklüyü.

Sevə-sevə öləydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim.

– deyən şair dünyanı, insanları, Azərbaycanı, yaralı Qarabağını sevə-sevə bu dünyadan getdi, ancaq oxucu məhəbbəti qazanmaqda gecikmədi. Sevdi, sevildi, xatirələrdə yaşamaq haqqı qazandı. Bu xatirələr su kimi sərin, bal kimi şirin xatirələrdi. Şeirimiz, şairlərimiz, poeziyamız yaşadıqca, bu xatirələr də Tofiq Bayram ünvanında yaşayacaq!

Hələ qəlbimdədir istəyim, kamım,
Sənət zirvəsinə əl çatmamışdır.
Qoy balam bilsin ki, şair ilhamım,
Hələ balasını yaratmamışdır.

– deyən sənətkarımız bir-birindən gözəl əsərlər yaratdı. Qəlbi zirvələrdə döyündü.

Məhəbbəti, ilhamı,
Vəzifəylə almazsan.
Zorla Allah olarsan,
Zorla şair olmazsan.

– dedi və şair ömrü yaşadı. Bu ömür sözün, ədəbiyyatın və əbədiyyətin ömrüdür.

525.az (2014)


Müəllif:

Oxşar xəbərlər