Teleqraf.com Kənan Hacı ilə müsahibəni təqdim edir.
– Kənan bəy, nə işlə məşğulsunuz?
– Həmişə olduğu kimi, yenə də öz işimlə məşğulam.
– Çoxdandır yazılarınız görünmür...
– Yazılarım mütəmadi olaraq "Ədəbiyyat qəzeti"ndə çap olunur. Sim-sim.az saytı üçün tərcümələr edirəm. Bu il iki kitabım çap olundu.
– Normal qonorar ala bilirsinizmi?
– Nə bilim, Azərbaycan reallığı üçün normal hesab etmək olar. Hər halda şikayətçi deyiləm.
– Şikayətçi deyilsiniz? Axı deyirlər ki, siz həmişə şikayətçi olmusunuz...
– Əksinə... Düz səkkiz il ağır xəstəliklə təkbaşına çarpışmışam. Ən yaxın dostlarım belə mənim xəstəliyimdən xəbərsiz olub. Uzun illər hansı şəraitdə yaşadığımı qələm dostlarım bilməyiblər. Bir dəfə Əlisəmid Kür gəlib Buzovnadakı yarıuçuq daxmanı görəndə hönkür-hönkür ağladı ki, bəs sən niyə bizə heç nə deməmisən? Hamı elə bilirdi ki, mən də onlar kimi normal həyat yaşayıram. Real vəziyyəti heç kim bilmirdi.
– Bəs sonra necə oldu ki, real vəziyyətinizi açıb hamıya dediniz?
– Səhhətim ağırlaşanda artıq bunu gizlətmək mümkün olmadı. Bilmirəm, vəziyyətimi izah etmək niyə insanlarda mənim şikayətçi obrazımı yaradır? Xarakter etibarilə introvert insanam. Problemlərimi həmişə özüm daşımışam. Qəti şəkildə şikayəti sevmirəm. Bəlkə subay olsaydım, son nəfəsimə qədər heç kəs bilməyəcəkdi ki, xəstəliklə çarpışıram. Amma mən ömür-gün yoldaşımı tək qoymaq istəmirəm. Çünki indi bir yox, iki ömrün məsuliyyətini daşıyıram.
– Jurnalistlər üçün tikilən binada sizə də ev verildi. Xeyirli olsun! Neçə otaqdır?
– Çox sağ olun. İki otaqlı evdir.
– İndi sizin daha hansı probleminiz var? Yalnız xəstəliyinizmi?
– Siz mənə dünyada heç bir problemi olmayan bir nəfər göstərə bilərsinizmi? Hamının problemləri var. Bu həyatı yaşayırıqsa, problemlərimizi də imkan daxilində həll etməyə çalışmalıyıq. İndi müalicəmlə məşğulam. Özümü zərərli vərdişlərdən qoruyuram.
– Zərərli vərdiş deyəndə nəyi nəzərdə tutursunuz?
– İçkidən uzaqlaşmışam. Ümumiyyətlə, içki məclislərindən uzaq olmağa çalışıram. Dietik yeməklər yeyirəm...
– Siqaret necə?
– Bircə siqaretlə bacara bilmirəm. Amma onu da bir gün atacağam.
Ürəyimdə stenokardiya var, siqareti həkimlər dəfələrlə deyiblər ki, atmaq lazımdır.
– Səmimi deyin, sizə ev veriləndən sonra Azərbaycan bir vətən kimi gözünüzdə gözəlləşdimi?
– Mən bu torpağa həddən artıq bağlı bir adamam. Bakının küçələrində təkbaşına gəzib-dolaşmaq mənə həmişə inanılmaz dərəcədə zövq verib. Vətəni evə görə, pula görə sevmək düzgün deyil. Ən ağır günlərimdə belə bu vətəni tərk etmək ağlımın ucundan belə keçməyib. Pafoslu səslənə belər, amma bu belədir.
– Bəs yeni evinizə nə vaxt köçəcəksiniz?
– Yəqin ki, bir-iki aydan sonra köçərik, inşallah.
– Evin içində əşyalar da varmı?
– Əşyalar yoxdur, nəyimiz varsa onları aparacağıq.
– İstərdinizmi evin içərisində əşyalar da verəydilər?
– Bu, dövlətin hədiyyəsidir və özü də çox böyük hədiyyədir. Dövlət başçımıza təşəkkür edirəm! Mənə dəyər verən insanlara təşəkkür edirəm! Ev hədiyyə olunub, canımız sağ olsun, əşyalarını da özümüz alarıq.
– Kənan bəy, heç küçədə yatmısınız?
– Bir dəfə Şərif Ağayarla möhkəm yeyib-içdik. Yay vaxtı idi. Bir də gördüm gecə saat 12-ni keçib. Şəriflə Elmlər Akademiyası metrosunun yanında ayrıldıq. Ordan pay-piyada dəmir yolu vağzalınacan gəldim. Metro bağlanıb, qatarlar işləmir, avtobus yox, taksiyə də verməyə pul. Gədlim Səməd Vurğun bağına, skamyalardan birində oturdum. Yuxu məni aparıb, bir də onda ayıldım ki, kiminsə əli cibimdə gəzir. Dik atılb tanımadığım adamın qolundan tutdum. Alkaşın biriydi, yalvarmağa başladı ki, iki “Məmməd” lazımdı, içmək istəyirəm. Cibimdə cəmi dörd Məmməd vardı, dedim al, ikisi sənin, ikisi də mənə qalsın. Belə bir əhvalat başıma gəlib.
– Xanımınız sosial şəbəkələrdə sizə görə çox həyəcanlanlıdır, hətta bəzən sizə qarşı tənqidlərə aqressiya ilə cavab verir. Hec bunu ona irad bildirmisinizmi?
– Əlbəttə, dəfələrlə əsəbi şəkildə iradımı bildirmişəm. Görürəm ki, hansısa məsələylə bağlı çox həyəcan keçirir, o zaman izah edirəm ki, mənə qarşı hər hansı mənfi fikrə görə qətiyyən narahat olmaq lazım deyil. Qoy insanlar fikirlərini bildirsin. Əvvəllər özümə qarşı fikirlər məndə də qıcıq doğururdu. Amma sonra düşündüm ki, axı niyə narahat olum ki? İnsan özünü tanıyırsa, özünün kim olduğunu bilirsə, hansısa əks fikir onu narahat etməməlidir. Əlbəttə, təhqir və böhtan istisnadır.
İlhamə xanım mənə görə çox narahatdır. İnanın ki, mən onun narahat olmağına görə həyəcan keçirirəm. Məni qorumağa çalışır. Xarakterimi çox yaxşı bilir. Bilir ki, mən qalmaqal adamı deyiləm. Çox şeyi ürəyimə salıram. Bu da səhhətimə mənfi təsir göstərir.
– İnsan özünü tanıyırsa, özünün kim olduğunu bilirsə... Qəribə də çıxsa, bir sual vermək istəyirəm. Siz kimsiniz?
– Mən özümü tapmaq üçün müxtəlif işlərlə məşğul olmuşam. Uşaqlıqda rəssam olmaq istəyirdim, yaxşı da rəsmlər çəkirdim, o rəsmlərin bəziləri indi də qalır. Sonra musiqiçi olmaq istədim, musiqi təhsili aldım. Amma hiss elədim ki, bu sahələrin heç birində özümü ifadə edə bilmirəm. Ədəbiyyatla məşğul olmağa başladım və gördüm ki, yazı yazmaq məni inanılmaz dərəcədə xoşbəxt edir və davam etdim. Özümü ifadə edə bildiyim üçün mənəvi cəhətdən çox rahatam. Uzun illərdir sözlə çalışıram. Belə deyək, mən söz adamıyam.
– Kənan bəy, siz Bakıdansınız?
– Bəli... Bakının Buzovna kəndində doğulmuşam.
– Uşaqlığınız orda keçib?
– Uşaqlığım da, gəncliyim də o kənddə keçib.
– Buzovnada eviniz varmı?
– Təəssüf ki, yoxdur. 1999-cu ildə müəyyən səbəbdən evimiz satılıb. O vaxtdan bəlkə əlli ev dəyişmişəm.
– Ata-ananız dünyasını çoxdan dəyişib? Bu barədə danışmaq istəyirsinizmi?
– O işıqsız, ümidsiz günlərə qayıtmaq mənim üçün çox çətindir. Atam 1999-cu ildə dünyasını dəyişdi. Çarəsiz xəstəliyə tutulmuşdu. Üç il sonra mən hərbi xidmətə getdim. Anam artıq yaşa dolmuşdu, tək qalmaq ona pis təsir etmişdi. Mən qayıdandan az sonra insult keçirdi. Səkkiz ay yataq xəstəsi oldu. 2005-ci ilin yayında dünyasını dəyişdi. İşsiz vaxtlarım idi. Onun müalicəsi üçün maddi vəsaiti tapa bilmədim. İndi də özümü günahkar sayıram. Düşünürdüm ki, tez ailə qursaydım, gəlini ona baxardı. Mən ona qulluq edə bilmirdim, özümü dolanışıq üçün oda-közə vururdum. Çox çətin illər idi. O xatirələr mənə həmişə əzab verir.
– Maraqlıdır, niyə gec ailə qurdunuz ki?
– Gəncliyimdə sevdiyim bir qız vardı. Rəhmətlik atam mənim istəyimə qarşı çıxdı. O vaxt atama dedim ki, ya o qız, ya da mən heç vaxt ailə qurmayacağam. Qətiyyən evlənmək fikrim yox idi. Amma anam xəstələnəndə mənə dedi ki, evlən, heç olmasa, sənin toyunu görüm. Dedim, ay ana, işim yox, evim yox, mən necə evlənim? Bax, belə...
Anam dünyasını dəyişəndən sonra bir yaxın dostumun evində qalırdım. O da ailəsindən ayrılmışdı, tək yaşayırdı. İndi artıq o da həyatda yoxdur. Bir-iki il bundan öncə qəfildən dünyasını dəyişdi. Adı Fəxrəddin idi. O məni məcbur elədi ki, evlənməlisən. Evlənməsən, həyatın məhv olacaq. Dedim evim-eşiyim yox, pulum yox, nəylə evlənim? O, bütün məsuliyyəti öz boynuna götürdü və 2008-ci ildə evləndim. Özümə qalsaydı, indiyəcən elə subay qalacaqdım.
– Bəs həyat yoldaşınız İlhamə xanımla necə tanış oldunuz?
– Onun anası da yataq xəstəsiydi və onun anasına qulluq edən qadının uşaqları Buzovnadakı internatda təhsil alırdı. Məni İlhamə xanımla o qadın tanış etdi. Bir neçə dəfə görüşdük və gördüm ki, söhbətlərimiz alınır, müəyyən qədər fikirlərimiz də üst-üstə düşür. Öyrəndim ki, Bakı Dövlət Universitetində elmiş işçi kimi çalışır. Biz bir-birimizə çox tez bağlandıq və anladım ki, bu qız mənim həyatımı dəyişəcək bir adamdır. Beləcə, evlənməyə qərar verdik. O, məni hər halımla qəbul etdi.
– Dəyişdimi həyatınızı?
– Məndən çox onun fədakarlığı həlledici rol oynadı. İlk tanışlığımız dövründə bir az ağrıyırdım, məni məcbur elədi ki, həkimə gedək və məlum xəstəlik məndə aşkar olundu. O, bunu biləndə nə hala düşdü, sözlə təsəvvür etmək mümkün deyil. Özüm də xəstəliyimdən xəbərsiz idim. Ona dedim ki, ayrılaq. Dedi, yox! Mən səni heç vaxt tək buraxmayacağam. Bilmirəm bu fədakarlığa nə qədər qadının gücü çatar. Həyatımı dəyişdi yox, onun fədakarlığı məni xilas etdi.
Demək istəyirəm ki, mən ona görə şikayətçi də olmağa razıyam. Qoy mənə şikayətçi desinlər, amma bilirəm ki, o, mənsiz dözə bilməz. Onun üçün yaşamaq istəyirəm. Yəqin ki, fikrimi izah edə bildim...
– Amma deyəsən, bir müddət ayrı qaldınız, eləmi?
– Hə, qısa müddət ayrı qaldıq. Amma bu haqda danışmaq istəmirəm. Taleyin belə sınaqları çox olub. Nə necə olmalıydısa, elə də oldu.
– Kənan bəy, torunuza qızıl balıq düşə, onda nə istərdiniz?
– Yaş artdıqca arzular da azalır. Qızıl balıqdan yox, Allahdan bir istəyim var, mənə atalıq sevincini yaşatsın, mənə övlad qismət eləsin. Amma son vaxtlar bu arzumu da unutmağa çalışıram.
– Niyə?
– Çünki bir sual məni narahat edir. Övladımı böyütməyə ömrüm çatacaqmı?
– Bundan sonra ata olacağınıza daha inamınız yoxdurmu?
– Söhbət inamdan yox, onu erkən atasız qoymaq qorxusundan gedir. Tanrı bilən məsləhətdir. Şükür məsləhətinə!
– Sizcə, nəyinsə cəzasını çəkirsiniz?
– Hərə bir cür cəza çəkir. Bəlkə də valideynlərimin arzusunu gözündə qoyduğum üçün Tanrı məni cəzalandırır. Bilmirəm... Amma bundan da pis ola bilərdi. Tək, kimsəsiz bir adam heç bir kömək, arxa-dayaq olmadan çarpışa-çarpışa gəlib bu səviyyəyə çatmışıqsa, bu da Allahın bir lütfüdür. Bəxtim onda gətirib ki, qarşıma çox vaxt xeyirxah insanlar çıxıb. Mənə mənəvi güc veriblər, məni yıxılmağa qoymayıblar.
– Heç göyərçin saxlamısız? Bakıda olduğunuza görə soruşuram.
– Mən yox, atam saxlayıb. Onun həmişə göyərçinləri olub.
– Sizin neçə əsəriniz işıq üzü görüb?
– Düzü, heç saymamışam. Üçü romandır, biri sənədli xronikadır, qalanı da povest və hekayələr. İki də şeir kitabım çıxıb.
– Necə bilirsiniz, daha heç nə yazmasanız, Azərbaycan ədəbiyyatı tarixində qala bilərsinizmi?
– Mən bu haqda heç vaxt düşünməmişəm. Mənim yazdıqlarım kiminçünsə maraqlıdırsa, tapıb oxuyacaq. Məncə, yazıçı yazdıqlarını ədəbiyyat tarixində qalmağa hesablamamalıdır. Bunu gələcək müəyyən edəcək. Qalacaq ya unudulub gedəcək. Buna görə məncə, əndişələnməyə dəyməz. Bu, komplekslərdən irəli gəlir və yazmağa müəyyən mənada mane olur. Bu düşüncə yazıçının rahatlığını pozan bir düşüncədir.
– Son sualım... Mövludun intiharından sonra siz də bir status yazıb yoxa çıxmışdınız. Fikriniz, niyətiniz nə idi?
– Yazı-pozu adamlarında tez-tez ruhi sıxıntılar, böhran halları baş verir. Bunun müxtəlif səbəbləri olur, maddi çətinliklər də bunun üstünə gələndə vəziyyət lap dözülməz olur. Elə bir məqam olur ki, özünü tam gücsüz hiss edirsən. O status da elə bir məqama təsadüf edirdi.
Mən Mövludun intiharından xəbərsiz idim. Yuxudan qalxıb həmin status yazdım və Feysbukdan çıxdım. Sonrakı prosesləri bilirsiniz. Mövludun ölümünü mənə Fuad Cəfərov dedi. Dedi, elə bildik sən də Mövludun intiharından sonra bu fikrə düşmüsən. Dedim, Mövluda nə olub ki? Qənirə xanım Paşayeva da bizimlə idi. Duruxdu, dedi, bəs bilmirsən? Mövlud intihar edib. Şoka düşdüm, necə yəni Mövlud intihar edib? Hönkürüb ağlamağa başladım. Məni sakitləşdirməyə çalışdılar. Qənirə xanım dedi, dəyməyin, qoyun ağlayıb ürəyini boşaltsın. Mən indi də bilmirəm ki, niyətim nə idi. Həmin gün nələr baş verə bilərdi, bunu bilmirəm...