19 Dekabr 2017 21:00
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz yaxşı rayondu, amma həmişə Bakı səfərlərim və ədəbi mühit ortaqlarımla görüş öz gözəlliyini qoruyub saxlamaqda israrlıdır. Budəfəki görüş fərqli oldu. Daha gözəl, daha müdhiş.

Əminəm ki, sıradan bir səfər deyildi. Axı o gün ədəbiyyatımızın əsas və sarsılmaz sütunu Musa Yaqubla görüş var idi. Həm də ki, içi ədəbiyyatla dolub-daşan bir neçə gənclə keçirilən görüş. O gürüşdən yazacam. Mən, Çinarə Ömray, Elvin Paşa, Emil Rasimoğlu və bizi min bir əziyyətə qatlanıb,ta Mərdəkanın göbəyinə, ünvanı sorağa-soraq axtarıb tapan sürücümüz, Elvinin dostu. Yol boyu sıxılıb-büzülürdüm ki, görəsən bu dəfə söhbət etməyə nədən başlayacam. Adım kimi əminəm, dostlar da belə düşünürdü. Gəlib çatdıq ünvana. Ustad, necə deyərlər, kurortda idi. Dedim, nəsə həngamə yer olar. Ancaq çox sadə, köhnə tikili, çox da səliqəli olmayan divarlar, bir sözlə, başa düşdüm ki, burda möhtəşəmlik elə Musa Yaqubdu, vəssalam.

Bu rəqəm yadımdan heç vaxt çıxmaz. 2-ci mərtəbə, 201-ci otaq. Qapını aç və Musa Yaqub önündədir. Bundan gözəl nəsə istəyən gənci, özü də şair ola, Bağdada gözü qapalı getsə də, səmimiyyətinə inanmaram. Nə isə ədəb-ərkanla qapını döyüb girdik içəri. Yənə də içdən bir az sarsıntı, zəif dizayn, kasıb otağı. İçimdə dedim, a kişi, şair elə belə olar da. İndi demirəm ha, biz böyük adamlarıq, amma ustad elə şad oldu gəlişimizə, bunu hiss etməmək olmazdı. O qədər məmnun oldu ki, öz stulunu alıb düz gəldi o dar balaca divanın qarşısına. Mən ayaq üstə qalacağımda israrlıydım - yer yox idi. Nətər otur dedisə, o dar divanda dörd adamın yanında necə yer tapdığımı hələ də bilmirəm. Sonradan sürüşüb düşmüşdüm aşağı. Danış görüm, necə danışasan.

Emil Rasimoğlu Musa Yaqubu Musa Yaquba necə təqdim etdisə, elə o cür də xəyal eləmişdim o kişini. Bir-bir hamımızla tanış oldu. İki sual içimi cırmaqlayırdı, Emil yenə suallar verdi. Həzin, sakit-sakit başa salırdı ustad bizi. Çinarə alıb fotoaparatı düşdü otağın canına. Masada reseptlər, dərmanlar, mer-meyvə - nə vardısa, hamısını çəkdi. Bir az üstündən içilmiş konyak da varıydı, onu lap üç dörd kadr çəkdi. Elvinlə mən sakit, fağır uşaqlar kimi durub dinləyirdik. Bir oraları yadımdadır ki, ustad Xaqani ilə bağlılığından danışıb Zangu kəndinin dağılmağından gəlib Xuruşşovun yol çəkə bilmirik deyib, o kəndin köçürülməyindən danışdı, içini çəkdi o məsələyə toxunanda. Bir neçə şeirin tarixçəsindən danışdı. Hətta axşam bir şeir yazmışam deyib, şərəf verib birinci bizə oxudu. Bu dəmdə kim sual verəcək deyə, bir birimizə baxanda Çinarə sual verdi ki, dünyada ədəbiyyat olmasa, nə baş verərdi?

“Ədəbiyyat olmalıdır, yoxsa hər şey çılpaq ağac təsəvvürü yaradar. Ağacın yaşamaqı üçün yarpaq necədirsə, dünya üçün ədəbiyyat odur”, - dedi ustad.

- Bəs Markes deyir, ədəbiyyat olmasaydı, heç nə olmazdı.

- Əşi Markes olmur e, kim olur-olsun, ədəbiyyat olmasa, maraqsız və heç nə olar hər şey. Hər şey heç nə olar ha...

Növbəti sarsıntım ustadın Emilin ölümlə qarşılaşmısızmı sualına olan cavabı oldu:

- Qarşılaşmamışam, amma qarşılaşacam, o da görək nə olan şeydi, - deməyi oldu. Adam parçalanır. “Ömrün harasındasız” sualına isə: - Hələ ömrün babatındayam, - deməyi üzümüzü güldürdü, işiq yandırdı bizə. Hərəyə bir-iki şeir dedik, demirəm təriflədi, amma dedi ki: - Siz ki köhnə sözlə yeni nəsə eləmisizsə və bunu bacarmısızsa, bu, yaxşı şeydi. Və yazın, dayanmayın.

Mənim də öz sualım var idi - cəmi ikicə sual: “Musa Yaqub axınla gəlib Musa Yaqub olub, ya bu, nə vaxtsa bir gəncin iddiası idi?” Cavab elə razı saldı məni, gələcəyim üçün böyük bir işıqlı yol açdı:

- Hər əsgər general olmağı istəməlidir. Bu iddia olmalıdır.

Və ikinci sualım: gənclərin modern şeir yazmağından məmnun olub olmadığını soruşdum ustaddan.

- Yazsınlar e, amma ənənəni unutmasınlar. Əvvəl evin içi, sonra çölü.

Bu cavab da yerində və tutarlı oldu. Sözüm bunda deyil, o boyda görüşün ən maraqlı məqamı, hətta görüşün ürəyi Musa Yaqub və Elvin Paşanın dialoqu oldu. Olduğu kimi təqdim edirəm:

- Ustad, mən muzey yaratmışam, şairlərdən, yazıçılardan əlyazma, kitab, hansısa bir əşya xatirə olaraq alıram. Nə verə bilərsiz?

- Vallah, bu saat heç nəyim yoxdu burda... Sən gəl evə, orda nə ürəyin istəsə verim.

- Yox e, ustad, elə axşam yazdığınız şeir də olar.

- Yo, o yox, - dedi və başladı masanı axtarmaqa. Elvin o qədər israrlı idi ki, hətta bir söz olan kağız parçası belə onu qane edərdi. Gözünə dərmanlar, sataşdı, onları alardı qınayan olmasa. Elə bil ustadın xəstəliyini, ağrılarını aparmaq istəyirdi. Təki ustad ağrımasın, xəstəliyi qalmasın. Uzun çək-çevirdən sonra Elvin ustadın dəftərindən bir qoşa vərəqi qoparıb almağı üçün xahiş etdi və buna nail oldu, hələ təzə şeirin ilkin əlyazmasını da aldı. Hələ üstəlik bu qaçhaqovda, “Ustad, bu qələmi də verin aparım, - deyib qələmi də aldı.

Görüş bitir və ilk anki həmin hislər. Necə oxşar hislər imiş görüşmək və sağollaşmaq. İkisində də bənzərlik var, necə görüşüm deyə bir hiss və necə sağollaşım deyə başqa bir hiss. Şəkil də çəkdirdik. Sonuncu şəkli mənimlə çəkdirdi. Mən “ustadın solunda, ürəyinə yaxın yerdə dayanıb çəkdirəcəm”, - deyib, əyləşdim yanında və bir Musa Yaqub görüşü belə gözəl yadda qaldı...

Allah səni millətin, ədəbiyyatın, bütün halına yandığın çılpaq ağacların başından əskik etməsin, əziz Ustad...


Müəllif: Habil Rzanur

Oxşar xəbərlər