19 Yanvar 2021 21:29
4 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un müsahibi Türkiyədə yaşayan siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəlidir.

Dosye: Orxan Vəli 1987-ci ildə Göyçə mahalında doğulub. 1988-ci ildə ailəsi Gəncəyə köçüb. Orta təhsilini 1994-2005-ci illərdə Gəncədə alıb. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında bakalavr pilləsi üzrə oxuyub. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. 2012-2014-cü illərdə Bakıda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya kafedrasında magistr, 2015-2020-ci illərdə Türkiyə dövlətinin təqaüdü hesabına Sakarya Universitetinin Siyasi Elmlər fakültəsinin Siyasi Elm və Dövlət İdarəçiliyi kafedrasında doktorantura təhsili alıb. Ötən ilin iyul ayında “Çarlık Dönemi Azerbaycanı’nın Uluslaşma Süreci: 1850-1920” başlıqlı elmi işini müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktorluğu dərəcəsini alıb. Doktorantura dövründə qısa müddət Qərbi Kaspi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasında işləyib. Bu yaxınlarda “Türkiye Notları Yayınevi”ndə “Azerbaycan’da Milliyetçilik” adlı kitabı işıq üzü görüb.

- Orxan bəy, yeni kitabınızla bağlı sizi təbrik edirik. İstərdik, söhbətimizə kitabınızın adındakı anlayışların izahı ilə başlayaq. “Millətçilik” və “milli-dövlət” deyiləndə nə başa düşməliyik?

- Təbrik üçün təşəkkür edirəm. Elmi işi kitablaşdırmaq müşkül məsələ idi. Pandemiya dövründə kitaba vəsait ayırmaq istəyən naşir tapmaq daha çətin oldu. Türkiyədəki bir çox nəşriyyata müraciət etdim. Müsbət cavab aldığım bir neçə nəşriyyat vardı, “Türkiye Notları Yayınevi” ilə razılaşdıq, nəticədə kitab işıq üzü gördü. Gələk sualınızın əsas məğzinə, millətçilik müasir dünyanın və modern insanın məsələsidir. Almaniyalı mütəfəkkir Habermasın dediyi kimi, modern dövrdə məsafələr qısalıb, dövlətlər və cəmiyyətlər bir-birinə qaynayıb-qarışıb. İngilis filosof Taylor isə bunu modern insanın ənənəvi anlayışa qarşı əldə etdiyi azadlıqla izah edir.

Xülasə iki əsrdən artıqdır “siyasi gövdə”nin formalaşmasında əsas aktor olan millətçilik modernizmə xasdır. Modern dövr elmdə Nyuton və Qalileyi, fəlsəfədə Dekart və Kantı, siyasətdə isə millətləri yaratdı. Yəni modern “siyasi gövdə”nin formalaşmağında millətçilik müstəsna rol oynayıb. İngilis modelini millətçiliyin ilk nümunəsi olaraq qəbul edən amerikalı sosioloq Qrinfeld “Nationalism” (1992) kitabında 1532-ci ildə İngiltərə kralı VIII Henrixin kilsənin başçısı təyin edilməyini və bu prosesə qarşı çıxan Tomas Morun edamını millətçiliyin qələbəsi kimi ifadə edib. Şübhəsiz ki, bir çox tədqiqatçı Qrinfeldin millətçiliyi erkən bir tarixdə başlatmasını qəbul etmirlər. Lakin millətçiliyin modernliyi güclü bir dəstəyə sahibdir. Bir sözlə, millətçiliyi modern “siyasi gövdəni” formalaşdıran əsas ideologiya olaraq ifadə etmək mümkündür. Milli-dövlət isə siyasətin/dövlətin modern təşkilatlanmasıdır. Belə ki, Taylorun ifadəsi ilə desək, ənənəvi anlayışa qarşı azadlıq əldə edən modern insan yeni kimlik böhranına düşüb. Milli-dövlətlər isə varlıqlarını modern insana/millətə əsaslandıraraq dövlətin modern formalaşmasını təmin edib. Misal üçün Atatürk Türkiyə Cümhuriyyətini qurmaqla dövlətin əsasını konstitusion olaraq türk millətinə əsaslandırıb. Bu, siyasi tarixdə modern bir hadisədir. Yəni Göytürk imperiyasından türk xalqına miras qalmış Kültəgin yazılarında yer alan türklük vurğusu modern dövrdə olduğu kimi milləti ifadə etmir. Anlayışın tarixi köklüdür. Lakin bizim istifadə etdiyimiz millət anlayışı modern dövrə xasdır. Hazırda iqlim dəyişikliyi və dijital çağ modern millət, milli-dövlət anlayışlarını da transformasiyaya məcbur edir.

- Elmi işinizi Miroslav Hroşun kiçik millət modeli/nəzəriyyəsi əsasında yazmısınız. Bu nəzəriyyədə Azərbaycandakı millətçiliyin izahında cəlbedici yanaşmalar nələr idi?

- İcazənizlə əvvəlcə nə üçün bu mövzunu seçdiyimi izah edim. Tədqiqatı aparan doktorant üçün məsələ bir mövzu ətrafında formalaşmalıdır ki, elmi ədəbiyyata töhfə verə bilsin. Tədqiqat mövzum ətrafında elmi rəhbərim professor Bünyamin Bezci ilə söhbətimiz əsnasında araşdırmamı həm Azərbaycan cəmiyyəti, həm də mənim üçün maraq kəsb edən bir problem ətrafında formalaşdırmağı tövsiyə etmişdi. Nəticədə Azərbaycan Cümhuriyyətini formalaşdıran dövrü tədqiq etmək qərarına gəldim. Elmi işimin mövzusunu müəyyən etməzdən əvvəl məsələni açıqlamaqdan ötrü daha uyğun bir nəzəriyyə üçün nəzəri mütaliə ilə məşğul oldum. Eyni zamanda Türkiyə universitetlərində, adətən, tarixçilər tərəfindən tədqiq edilən elmi işlərlə tanış oldum. Qənaətə gəldim ki, bu mövzu mütləq siyasi elm konteksində təhlil edilməlidir. Bunun üçün də müvafiq bir nəzəriyyə müəyyən etmək lazım idi. Məlum olduğu kimi vətəndaşı olduğumuz Azərbaycan 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Çar Rusiyasına tabe edilmişdi. Çarlıq XIX əsr ərzində xanlıqların muxtar idarəçəliyinə son qoyaraq Azərbaycanda tam siyasi hakimiyyətə nail oldu. Miroslav Hroş “National Self-Determination from a Historical Perspective” (1995) başlıqlı məqaləsində XIX əsrdə Avropada səkkiz milli-dövlətin, dövləti olmayan iki millətin (italiyalılar və almanlar) və qeyri-dominant etnik qrupların olduğunu ifadə edib. O, milli-dövlətləri mərkəzi dövlətə, inkişaf etmiş dilə, milli mədəniyyətə və s. sahib olmaqla xarakterizə edib. Məsələnin aydınlaşmağı üçün Şekspirin, Tomas Hobbsun, Con Lokkun, Russonun, Fixtenin və digərlərinin əsərlərinə baxmaq olar. Misal üçün Con Lokk var olan bir dövlət üçün “İctimai müqavilə”ni (1689) yazdığı halda, dövləti olmayan alman millətini təmsil edən Fixte almanların mərkəzi bir dövlətdə birləşməyini arzu edən bir mütəfəkkir olaraq “Alman millətinə səsləniş” (1807-1808) konfranslarını verib. Modernizmin doğuşunu müstəmləkə altında təcrübə edən xalqları isə qeyri-dominant etnik qrup olaraq ifadə edərək bu xalqlar üçün millətçilik yerinə milli hərakat anlayışını istifadə edib. Sadaladığım göstəricilər məni Hroşun nəzəriyyəsini tədqiqatım üçün istifadə etməyə sövq etdi. Azərbaycan üçün də modernləşmə, millətçilik/milli hərəkat prosesi mərkəzi dövlət anlayışının olmadığı müstəmləkə şəraitində cərəyan edib. Bu səbəblə nəzəriyyənin elmi işim üçün ən uyğunu olduğuna qərar verdim. Azərbaycanın millətləşmə hekayəsi ilk dəfə Hroşun nəzəriyyəsi əsasında bir doktorluq elmi işində tədqiq edilib və kitablaşdırılıb. Bu mənada əsərimin müəyyən tənqidlərə məruz qalacağını düşünməklə bərabər gələcək tədqiqatlar üçün töhfə olacağını ümid edirəm. Türkiyədə bir sıra gənc tədqiqatçılar elmi işimdən istifadə etməyə başlayıblar. Çünki Azərbaycan modern hekayəsi, xüsusən siyasi elm konteksində tədqiq edilməyən bakir bir sahə olaraq qalmaqdadır.

- Mirzə Fətəli Axundzadə şəxsiyyəti həm fəlsəfə, həm ədəbiyyatımızda öncül şəxsdir. Amma onun haqqında ziddiyyətli fikirlər də var. Məsələn, Avropada çıxan bəzi məqalələrdə onu İran millətçiliyinin banilərindən hesab edənlər də var. Bu baxımdan sizin tədqiqata görə Axundzadə Azərbaycan millətçiliyinin formalaşmasında hansı rolu oynayıb?

- Mirzə Fətəli Axundzadə çarlıq, cümhuriyyət, sovet və müstəqillik dövründə haqqında pozitiv cümlə qurulan nadir aydınlardandır. Çarlıq yeni olduğu Qafqazda müsəlmanları “ram” etmək üçün Axundzadədən istifadə etməyə çalışdı. Axundzadə isə aydınlandıqca müsəlmanları oyatmağa, yeniyə/modernə hazırlamağa çalışdı. Cümhuriyyətin qurucuları isə adətən, sərt tənqidləri ilə razılaşmamaqla bərabər Axundzadəni başlanğıc olaraq qəbul etdilər. Sovet dövründə isə dinsiz rejim Heydər Hüseynov vasitəsilə dinsiz Axundzadə propaqandası apararaq əsərlərini nəşr edərək təbliğ etdi. Müstəqilliyini əldə edən Azərbaycan isə milli özünüdərk üçün təkrar Axundzadəyə müraciət etdi. Çünki Axundzadə Cümhuriyyəti doğuran modernizmin, yəni yeninin, milli olanın başlanğıcını təmsil edirdi. Bu mənada Axundzadənin özü millətçi, türkçü (siyasi hədəf) olmamaqla bərabər Azərbaycan millətçiliyinin öncülü olduğunu ifadə etmək mümkündür. İran məsələsinə gələk. Axundzadənin təfəkküründə Azərbaycan siyasi bir varlıq olaraq formalaşa bilmədi. O, özünü aydınlanmalı olan müsəlman bir iranlı olaraq ifadə etdi və ya etməli oldu. Yəni Axundzadənin təsiri sadəcə bugünkü Azərbaycanla məhdudlaşmır. Axundzadə eyni zamanda İran modernləşməsinin də mühüm qaynaqlarından biri olaraq qəbul edilməkdədir. Bu mənada Axundzadənin İran modernləşməsi üzərində təsiri olduğu danılmazdır. Bununla bərabər Axundzadə Azərbaycan və Azərbaycan millətçiliyi üçün daha böyük bir əhəmiyyətə sahibdir.

- Çar Rusiyasının Azərbaycanı işğal etməsini, xanlıqların bir müstəmləkə halında birləşməsini Azərbaycanda müsəlmanlıqdan türklüyə gedən mərhələnin başlanğıcı kimi də hesab edənlər var. Necə düşünürsünüz, Çar işğalı, Rusiya məktəbləri, Rusiya üzərindən Avropa ilə tanışlıq millətçilik mərhələsində hansısa rollar oynayıbmı?

- Amerikalı Qrinfeld rus milli kimliyinin Pyotr və II Katerina tərəfindən formalaşdırıldığını ifadə edib. Pyotr və Katerinanın ortaq xüsusiyyəti kəndli Rusiyanı modern Avropaya oxşatmaq təşəbbüsü kimi xarakterizə edilə bilər. O səbəblədir ki, təxminən 150 min insanın tələf olduğu Peterburq şəhəri bataqlıqda inşa edilib. Katerina dövrünün avropalı yazarlarına maraq göstərib, onların əsərlərini əldə edib. Bu mənada Çarlıq işğal etdiyi ərazilərdə də modernləşmə (ardınca ruslaşdırma) siyasətini tətbiq edib. Əvvəlcə xanlıqların muxtar idarəetməsini sonlandırıb, ardınca Axundzadələrin qabağını açaraq müsəlmanları modernləşdirməyə/ruslaşdırmağa çalışıb. Ancaq unutmaq olmaz ki, Azərbaycanın modern hekayəsi sadəcə Peterburqdan deyil, eyni zamanda XIX əsrin sonlarından etibarən İstanbuldan da təsirlənib. Əli bəy Hüseynzadə kimi panslavizmə qarşı öz milli kimliyinin axtarışına düşənlər işığı İstanbulda axtarıblar. Yəni Çar Rusiyasının tətbiq etdiyi metodun bir anlamda dini təhsil (mədrəsə) əsasında formalaşan ənənəvi kimlik anlayışına qarşı modern “siyasi gövdə”ni ayaqda tutacaq milli kimliyin (türklüyə) formalaşmağına təkan verdiyini ifadə etmək mümkündür. Çünki müstəmləkə altında olan Azərbaycanın modernizmin doğduğu şəhərlərlə birbaşa əlaqəsi olmayıb. Xülasə Çarlığın işğalı milli təəssübkeşliyi olan aydınların formalaşmağında dolaylı təsiri olub. Bununla bağlı hazırladığım maraqlı bir cədvəllə sizi tanış etmək istəyirəm. Burada milli hərəkatın təsirləndiyi şəhərləri görürük.

Ardı var...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər