Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) bölgəsinin Gorus, Qafan və Mehri şəhərlərinə planlaşdırılan səfərini təxirə salmalı olub.
Teleqraf.com xəbər verir ki, baş nazir bu qərarını Sisian şəhərində elan edib.
O deyib ki, təxribatlara uymaq niyyətində deyil: “Bu gün Sünik sakinləri ilə görüşdük, hərbçilərin məzarını ziyarət etdik. Bu prosesi davam etdirəcəyik”.
Bununla da Nikol Paşinyan Gorus, Qafan və Mehri şəhərlərinə getməyib. Yalnız Sisianda bir qrup əhali ilə görüşə bilib.
Xatırladaq ki, bu gün polislə Sünik sakinləri arasında qarşıdurma olub. Gecə saatlarından vətəndaşların etiraz aksiyası keçirəcəkləri bölgənin giriş qapısı sayılan Gorusda polislər hazır vəziyyətə gətirilib. Polisin vətəndaşları bölüb yolu açmaq niyyəti qarşıdurmaya səbəb olub. Sakinlər “Nikol xaindir” şüarları səsləndirməyə başlayıb.
Sünikə sıx mühafizə tədbirləri və hərbçilərin müşayiəti ilə gələn Paşinyan yeri əhaliyə müxalifətin təsirini nəzərə alaraq Qafan, Gorus və Mehriyə planlaşdırdığı səfəri təxirə salmalı olub.