2 Mart 2021 19:51
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan erməniləri qarabağlı ermənilərin hakimiyyətindən beziblər və onların yenidən iqtidara gəlməsini istəmirlər. Əgər Paşinyan hətta Rusiyanın yardımı ilə hakimiyyətdən kənarlaşdırılmalı idisə, bunu çoxdan etmişdilər. İndiyədək Paşinyan hakimiyyətdədirsə, deməli, o, həm cəmiyyət tərəfindən dəstəklənir, həm də xarici qüvvələr, xüsusən də Rusiya onun orada qalmasının əleyhinə deyil”.

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan dünən İrəvanda izdihamlı mitinq keçirdi. Sizcə, baş nazirin ətrafındakı bu izdiham ona qarşı olan müqaviməti qırmaq üçün təsiredici amildirmi?

- Əgər Paşinyanı hakimiyyətdən göndərmək mümkün idisə, bunu müharibədə məğlubiyyətin rəsmiləşdiyi günün səhəri edərdilər. Ermənistan cəmiyyətində Paşinyanı dəstəkləyənlərin sayı onun əleyhinə olanlardan daha çoxdur. Sadəcə olaraq revaşinstlər – Robert Köçəryan, Serj Sərkisyan və digərləri öz mövqelərini artıq itiriblər. Paşinyan da onların oğurluq və quldurluqla əldə etdikləri var-dövləti əllərindən alır. Həm də məlumdur ki, Köçəryan həbs olunmuşdu. Bir yolunu tapıb onu həbsdən buraxdılar. Yəni bütün bu müqavimət ona görədir ki, var-dövlətlərini əllərindən almasınlar və həbsə atmasınlar.

Sərkisyan, Köçəryan və digərlərinin tərəfdarları pullu, muzdlu adamlardır, revanş istəyən qüvvələrdir. Onlarla müqayisədə cəmiyyətdə Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin sayı isə kifayət qədərdir. Buna görə də izdihamlı mitinqlər təşkil edə bilir. Bu kimi amillərə görə, onu hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmur. Digər yandan parlamentdə çoxluq Paşinyanın “Mənim addımım” bloku tərəfindədir. Baş verənlər klanlararası mübarizənin nəticəsidir.

Ermənistan erməniləri qarabağlı ermənilərin hakimiyyətindən beziblər və onların yenidən iqtidara gəlməsini istəmirlər. Əgər Paşinyan hətta Rusiyanın yardımı ilə belə hakimiyyətdən kənarlaşdırılmalı idisə, bunu çoxdan etmişdilər. İndiyədək Paşinyan hakimiyyətdədirsə, deməli, o, həm cəmiyyət tərəfindən dəstəklənir, həm də xarici qüvvələr, xüsusən də Rusiya onun orada qalmasının əleyhinə deyil.

- Paşinyan baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərsə də, Prezident Armen Sərkisyan onun bu tələbini geri çevirdi. Bundan sonra hakim “Mənim addımım” bloku Sərkisyana qarşı impiçment proseduru başlada biləcəyi ilə bağlı açıqlama verdi. Armen Sərkisyan Paşinyanın asanlıqla “xərcləyə” biləcəyi bir fiqurdurmu?

- Mənə elə gəlir ki, asanlıqla “xərcləyə” biləcəyi bir fiqurdur. Armen Sərkisyanın Ermənistanda siyasi çəkisi o qədər də ağır deyil. O ölkədə prezident vəzifəsinin elə də böyük əhəmiyyəti yoxdur. Ermənistan prezidenti siyasi proseslərə böyük ölçüdə müdaxilə edə bilmir. Çünki əlində real bir idarəetmə mexanizmi və qüvvəsi yoxdur. Amma Armen Sərkisyan impiçment edilsə, bunun Paşinyan üçün üstünlüyü o olacaq ki, əl-ayağına dolaşan olmayacaq. Bundan başqa Armen Sərkisyan Paşinyana maneə yaradacaq qədər güclü fiqur deyil. Bunun üçün onun real imkanları yoxdur. Heç onun hakimiyyətdə qalıb-qalmamasının da bir əhəmiyyəti yoxdur.

- Ermənistanda ehtimal olunan hakimiyyət çevrilişi nəyə yol aça bilər?

- Bunun Ermənistana nə vəd etdiyi bizi o qədər də maraqlandırmamalıdır, özləri bilərlər. Hər halda Ermənistanın özü öz başının dərdinə qalmalıdır. Bu məsələ üstündə baş sındırmalıdırlar ki, müstəqil və suveren bir dövlət, subyekt kimi mövcud olacaqlar, ya yox?! Əlbəttə, mövcud olacaqlar, amma Ermənistan prezidentinin statusunda, yəni, adı var, özü yox. Ermənilər indi bunun dərdini çəkməlidirlər, belə də olacaq. Hakimiyyətdə istəyir Paşinyan olsun, istəyir başqa bir “yan” – onların milli ideologiyaları, beyinlərinin düzgün işləmədiyi məlumdur. Bu baxımdan Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, bizə dövlət və millət olaraq düşməndirlər.

- Ermənistan daxilindəki bu təlatüm Qarabağ anlaşması üçün hansı təhlükəni vəd edir? Qarabağda üçüncü savaş haqda iddialar səsləndirilir. Bu mümkündürmü?

- Heç bir təhlükə vəd etmir. Çünki artıq Ermənistan orada heç bir rol oynamır. Rusiya əlini Ermənistanın kürəyindən götürsə, darmadağın olacaq. Ermənilərin nə siyasi, nə də hərbi qüvvəsi var – heç nəyi yoxdur. Ancaq Rusiyadan asılıdırlar. İndiyədək və ondan əvvəl də o torpaqları Rusiyanın hesabına işğal etmişdilər. Eyni zamanda, bunun hesabına otuz ildir orada “ağalıq” edirdilər. Bu gün də bir ovuc torpaqda Rusiyanın hesabına qalıblar. Yəni Ermənistan təkbaşına qərar vermək və bunun arxasınca düşmək gücündə deyil, heç vaxt da olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər