“Ermənistan parlamentində son iki gündə baş verən əlbəyaxa dava, tərəflərin bir-birinə az qala daş atması anlaşılandır. Erməni parlamentində bu təxribatları törədənlər əslində keçmiş hərbi cinayətkarlardır. Vaxtında onlar Azərbaycan torpaqlarını işğal ediblər, insanları qırıblar. İndi də Ermənistanı yeni müharibələrə, qarşıdurmalara çəkmək istəyirlər”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə son günlər Ermənistan parlamentində deputatlar arasında baş verən əlbəyaxa döyüş hadisələrini şərh edərkən bildirib.
Deputat xatırladıb ki, əslində son seçkilərlə erməni xalqı müharibəyə "yox" - dediyini, bunu arzulamadığını ortaya qoydu.
Onun sözlərinə görə, parlamentə daxil olan köhnə qüvvələr indi orada yenidən müharibə, revanş kimi oyunlar oynayırlar.
Asim Mollazadə istisna etmir ki, bu qüvvələri xaricdən də hansısa mərkəzlər dəstəkləyir və bu işlərə təhrik edirlər.