Rusiyanın “Rosselxoznadzor” dövlət nəzarəti orqanı aprelin 5-dən etibarən Ermənistandan süd məhsullarının ixracını dayandıracağını elan edib. Açıqlamada Ermənistana məxsus qurumların istehsal olunan süd məhsullarının təhlükəsizliyinə təminat verə bilmədiyi, yoxlamaların aparıldığı, nəticələrin qənaətbəxş olmadığı bildirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Rusiyanın qadağasının Ermənistana ağır zərər verəcəyini bildirir:
“Sırf rəsmi statistik məlumatlara əsaslanaraq demək olar ki, bu qadağa erməni süd məhsulları istehsalçılarına nə az, nə çox 10 milyon dollar zərər vura bilər. 2022-ci ilin birinci yarısında Ermənistandan Rusiyaya 9.8 milyon dollarlıq süd məhsulları ixrac edilib. Böyük həcmdə pendir və kəsmik istehsal olunub - 4,2 milyon dollar, həmçinin qaymaq və süd tozu – 5.2 milyon dollar. Erməni tərəfi, deyəsən, təəccüblənir, çünki bu qərarı görünməmiş hesab etmək olar.
Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunun Ermənistan Konstitusiyasına uyğun olduğunu elan etdikdən sonra Ermənistan-Rusiya münasibətləri üzərindəki tutqun buludlar daha da tündləşdi. Çünki Ermənistan bu qərarı təsdiqləsə, İrəvan Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) verdiyi orderə əsasən Rusiya Prezidenti Vladimir Putini həbs etməlidir. Deyəsən, süd məhsullarına qoyulan qadağanın altında siyasi amil var.
Rəsmi olaraq İrəvan iqtisadiyyat naziri Vaan Kerobyanın ağzı ilə problemin daha çox iş səviyyəsində olduğunu deyir və Moskvanın qərarında siyasi səbəblərin mövcudluğunu inkar edir. Əlbəttə, erməni tərəfi başqa heç nə deyə bilməz. Bəllidir ki, Ermənistan-Rusiya münasibətlərinin səması buludsuz olsaydı, o zaman Moskvadan belə qəfil mesaj gəlməzdi, hətta bir problem olsaydı, dərhal həll olunardı, müzakirələr zamanı qeyd olunardı, bu müddətdə məsələlər çözülər və hər şey normala dönərdi. Amma Moskva da xəbərdarlıq edir ki, Roma Statutu ratifikasiya olunsa, bunun mənfi nəticələri olacaq. Ona görə də bu qadağanı istər-istəməz həmin mənfi nəticələr kontekstində nəzərdən keçirmək lazımdır”.
“Hraparak” bunu Kremlin BCM-ə üzv olmağa hazırlaşan İrəvana qarşı ilk addımı kimi qiymətləndirir və digər addımların atıla biləcəyini istisna etmir:
“Burada başqa bir incəlik də var. Belə problemlər hər hansı bir ölkənin timsalında yarana bilər və bu problemləri adətən görünmədən həll olunur. Ancaq belə bir problem ictimailəşəndə mətbuatın mülkiyyətinə çevrilir. Rusiya kimi bir ölkədə isə bir çox məsələlərin məxfilik şəraitində, bağlı qapılar arxasında həlli xoşlanılır. Bir sözlə, Moskva İrəvana qarşı “süd demarşı” həyata keçirir.
Yeri gəlmişkən, Rusiya-Gürcüstan münasibətlərinin pisləşdiyi dövrdə Moskva gürcü şərabının ixracına qadağa qoymuşdu, bununla gürcü iqtisadiyyatına böyük ziyan vurmuşdu”.