ABŞ Dövlət Departamenti Türkiyənin hava məkanını Ermənistana bağlamasından narazılığını bildirib.
Teleqraf.com xəbər verir ki, bəyanatda iki ölkə arasındakı münasibətlərin normallaşma prosesinin maneəsiz davam edəcəyinə ümid də dilə gətirilir.
“ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir və bu, bütün region üçün yaxşı olardı. Türkiyənin Ermənistan hava yollarına öz ərazisindən uçuşlara icazə verməməsi ilə bağlı açıqlaması bizi məyus edir. Ölkələr arasında hava hərəkətinin bərpasına dair keçmişdə əldə edilmiş razılaşmalar etimadın möhkəmləndirilməsi üçün mühüm vasitəyə çevrilib. Biz qəlbən ümid edirik ki, Türkiyə və Ermənistan iqtisadi əlaqələri bərpa etməyə və nəqliyyat əlaqələrini açmağa davam edə biləcəklər”, - Departamentin bəyanatında deyilir.
Türkiyə hökuməti İrəvanda erməni terrorçularının “Nemesis” əməliyyatına abidənin ucaldılmasına cavab olaraq Ermənistan aviaşirkətləri üçün öz hava məkanını bağlayıb.
“Nemesis” əməliyyatı “Daşnaksütyun” terror təşkilatının ötən əsrin əvvəllərində Azərbaycan və Osmanlıya qarşı keçirdiyi terror aksiyasıdır. O dönəmdə erməni terrorçular tərəfindən qətlə yetirilən şəxslərin arasında həm Osmanlı İmperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri də olub.