“Avropa Birliyinin (AB) Ermənistandakı missiyasının mandatı aydınlaşdırılmalıdır. Ermənistan bugünkü hakimiyyətinin və Nikol Paşinyanın səriştəsizliyi nəticəsində ölkə müxtəlif geosiyasi qütblər arasında toqquşmalar teatrına çevrilir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.
“Avropa Birliyinin müşahidəçiləri Ermənistana gələndə çoxlu suallar qaldırıldı ki, onların mandatı nədir, missiyası nədir. O zaman hökumət nümayəndələri və mediası bu suallardan yayınmağa çalışdılar. Məsələ onların burada olub-olmaması deyil, mandatlarının nə olmasıdır”, – deputat bildirib.
Manukyanın sözlərinə görə, sərhəddəki bir neçə insident zamanı AB müşahidəçilərinin öz missiyaları ilə az məşğul olduğu üzə çıxıb. Deputat qeyd edib ki, avropalılar sərhəd problemlərindən daha çox geosiyasi məqsədlər güdən məsələlərlə məşğuldurlar.