ABŞ və Ermənistan arasında müəyyən məlumat mübadiləsi aparılıb və belə görünür ki, NATO Ermənistanı "təhlükəsizlik yastıqları" ilə təmin etməyə çalışır.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə erməni mütəxəssis David Karapetyan son vaxtlar Ermənistanda keçirilən yüksək səviyyəli görüşləri təhlil edərək deyib.
"NATO Ermənistanı müəyyən “təhlükəsizlik yastıqları” ilə təmin etməyə çalışır, xüsusilə Azərbaycanın mümkün "təxribatlar və hərbi təcavüzü" halında. Güman edə bilərik ki, ABŞ müəyyən zəmanətlər təklif edib. Ermənistan-NATO əməkdaşlığı ölkəmizin 1994-cü ilin oktyabrında qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramına əsaslanır.
Proqram NATO və Avropa ilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının stimullaşdırılmasını nəzərdə tutur. Amma bu günə kimi heç kim hərbi-siyasi alyansa üzv olmaq təklifi almayıb.
Yəni bizim NATO-da iştirakımızdan söhbət gedə bilməz. Məncə, məsələ ondadır ki, Ermənistan indi öz xarici siyasətinin vektorunu dəyişir və geosiyasi mərkəzlər təbii ki, sözdə təminatlar verməklə, Rusiyanı mümkün qədər ölkəmizdən sıxışdırmağa çalışırlar", - o bildirib.
Karapetyan əlavə edib ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Azərbaycanın "hərbi təcavüzü" hallarında Ermənistan kollektiv Qərbdən heç bir əməli təminat görməyib:
"Ona görə də indi Qərbdən və ya NATO-dan təminatlardan danışmaq fantastik janrdan başqa bir şey deyil, çünki indiyədək Ermənistana zənglər, tövsiyələr, başsağlığı və s. istisna olmaqla, praktiki olaraq heç bir yardım göstərilməyib".