Etirazçıların keşiş Vazgen (Baqrat) Qalstanyanın təkidi ilə polisə hücumu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) göstərişidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan deyib.
Onun fikrincə, bu həmlələr hakimiyyətin devrilməsi və ya 1999-cu il oktyabrın 27-də baş vermiş parlamentin gülləbaran edilməsi ssenarisi ilə bitməliydi.
Sukiasyan vurğulayıb ki, hüquq-mühafizə sistemi Rusiya, erməni kilsəsi və sabiq prezident Robert Köçəryanın təhlükəli planının qarşısını ala bilib:
“Bu adam Tanrıdan əlini üzüb, mənəvi cəhətdən tükənib, ruhu ölüb, şəxsiyyət kimi mövcud olmaqdan çıxıb. Rusiya Kirill (Rus Pravoslav Kilsəsinin rəhbəri) vasitəsilə ona müxtəlif təzyiqlər edir, ondan istifadə edərək vəziyyəti qızışdırır, Ermənistanı məhv etməyə çalışırlar. Buna nail ola bilməyəcəklər. Rusiya bir gün Qalstanyanın “cəsədin”i yerdən götürməli olacaq”.
Siyasətçi hesab edir ki, bu qrupun yeganə məqsədi nəyin bahasına olur-olsun Ermənistanda dövlət çevrilişinə nail olmaq, ölkəni tam Rusiyanın nəzarətinə verməkdir:
“Qərara gəliblər ki, rusların ikinci qayıdışını təmin etsinlər, yəni Ermənistanda bir ruhi xəstə olan kanadalı (Baqrat) guya “Artsax”ı qurtarır, sonra Ermənistan Rusiyaya təhvil verilir. Bunun üçün inqilab edə bilmirlər, terrora əl atırlar, hücuma başlayırlar. Müxtəlif aksiyalara başlamaq olar, amma bu halda dövlət bütün hüquq sistemi ilə onları asfaltla bir edəcək, əsrlər boyu elə də yerdə qalacaqlar. Bu qorxuya görə Qalstanyan artıq yalvarır ki, onu yenidən monastıra çağırsınlar”.
Sukiasyan baş verən təxribatlara görə erməni kilsəsi və katalikos II Qareginin məsuliyyət daşdığını da qeyd edib:
“Hər şeyə yalnız katolikosun rəhbərlik etdiyi kilsə cavabdehdir. Sifariş alıblar, Qalstanyanı ortaya atıblar. Əlbəttə, o, ağası olmadan hərəkət edə bilməz. Mən katolikosu dövlətə qarşı hərəkət etməkdə, kilsəni təhrif etməkdə ittiham edirəm və istefasını tələb edirəm”.