Teleqraf.com-un suallarını Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Adil Xəlilov cavablandırıb:
-Adil müəllim, öncə dəm qazının fəsadları və yaranma səbəbləri haqda danışmağınızı istərdik...
-Dəm qazı tüstü bacalarının təmizlənməməsi, natamam yanma zamanı baş verən səbəblərdən ortaya çıxır. Bundan başqa, qaz cihazları ilə bağlı problemlər olur. İnsanlar qaz cihazı alanda onların standartlarına diqqət yetirməlidirlər. Bu cür hadisələrin əksəriyyəti obyektlərdə və yaşayış sahələrində müxtəlif növ məişət qaz cihazlarının quraşdırılması zamanı texniki təhlükəsizlik qaydalarınin tələblərinə riayət edilməməsi ucbatından baş verir. İnsanlar zavod istehsalı olan avadanlıq almalıdırlar. Qeyri-standart avadanlıqlar kustar üsulla düzəldilir, qaz və hava qarışığı düzgün tənzimlənmir. Qapı-pəncərə kip şəkildə bağlanırsa, oksigen tükənir, natamam yanma baş verir. Qapalı şəraitdə dəm qazı artır, insan hiss etmədən boğulur.
Onu da deyim ki, dəm qazı təmiz halda iysiz, rəngsiz, havadan yüngül, suda pis həll olunan qazdır. Natamam yanma məhsuludur, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və bərk yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü borusu vasitəsi ilə xaric olunur.
Tüstü bacalarında dəm qazının çıxmasına maneçilik olanda insanlar bu qazla nəfəs alır və dəm qazından zəhərlənmə baş verir.
-Qaz cihazlarının yerinin dəyişdirilməsi də təhlükə faktoru sayılır...
- Əlbəttə... Bina tikinti normalarının tələblərinə uyğun hazırlanmış layihə üzrə tikilir. Təbii ki, otaqların, mətbəxin yeri həmin layihəyə uyğun hazırlanır. Yəni, mətbəxin xariclə əlaqələndirilməsi, təbii işıqlandırılma, mətbəxda nəfəslik nəzərdə tutulur. Qaz cihazı da müvafiq şəraitə uyğun quraşdırılır. Avadanlığın yerinin dəyişdirilməsi, yenidənqurma işlərinin aparılması yolverilməzdir. Dəyişikliklər yalnız layihə üzrə əsaslandırıldığı halda aparıla bilər.
-Mütəxəssislər deyirlər ki, evlərin tüstü bacalarının təmizlənməsinə cavabdeh qurum olmalıdır. Sizcə, belə bir quruma ehtiyac varmı?
-İstehsalçı tərəfindən yanmış qazların xaric olunması nəzərdə tutulan qaz cihazları istifadə olunan bütün otaqlarda tüstü bacaları olmalıdır və bu bacaların işlək vəziyyətdə olması dövri olaraq yoxlanılmalıdır. Tüstü bacalarının təmizlənməsi ilə məşğul olan ixtisaslaşdırılmış qurumlar var. Lakin bu qurumlar bağlanmış müqavilələr əsasında, yəni ödənişli əsasda tüstü bacalarını təmizləyir və texniki sazlığına görə məsuliyyət daşıyırlar. Ona görə də istehlakçılar qanunvericilik aktlarının tələbinə uyğun olaraq şəxsi mülkiyyətlərinə məxsus olan qaz təsərrüfatını istismar etdikləri dövrdə texniki saz vəziyyətdə saxlama və təhlükəsiz istismar etməyə görə cavabdehdirlər.
Öz məsuliyyətlərini və ailə üzvlərinin sağlamlığını nəzərə alaraq istehlakçılar tüstü bacalarının yoxlanılmasını və qaz təsərrüfatına texniki xidmətlərin göstərilməsini təmin etmək üçün ixtisaslaşdırılmış təşkilatlarla müqavilə bağlamalı və dövri xidmətlərin keçirilməsinə şərait yaratmalıdırlar.
-Qaz təsərrüfatı sahəsi hansı qanunvericiliklə tənzimlənir?
-Bu gün respublikamızda təbii qazin sənayedə və məişətdə tətbiqini tənzimləyən və qaz təsərrüfatlarının layihələndirilməsi, tikintisi və istismarı zamanı tikinti normalarını və təhlükəsizlik tələblərini özündə əks etdirən müvafiq qanunvericilik aktları mövcuddur. Bunlardan “Texniki təhlükəsizlik haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunlarını, Az DTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları” tikinti normasını, “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nı, "Qazdan istifadə Qaydaları"nı və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nı göstərmək olar.
“Qazdan istifadə Qaydaları”nda təchizatçı ilə istehlakçı arasında mövcud olan vəzifə və öhdəliklər bölgüsü aydın şəkildə göstərilərək, hər iki tərəfə Az DTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” və “Qazdan istifadə qaydaları”na uyğun, tikinti-norma və qaydalarından irəli gələn tələblərin təmin olunması məsuliyyəti izah olunur.
Məhz bu normativ sənədlərin tələbləri ilə və bu tələblərin pozulmasının hansı acı nəticələrə gətirib çıxaracağı ilə vətəndaşları məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə FHN tərəfindən də mətbuat və televiziya kanalları vaistəsi ilə məqalələr və roliklər hazırlanaraq təqdim olunur. Vətəndaşların borcu bu aktlara riayət etməkdir ki, bu cür faciələr olmasın.
-Adil müəllim, dəm qazından zəhərlənmə əsasən hamam otaqlarında olur. Hamam otağının tikinti parametrləri necə olmalıdır?
-Tamamilə doğrudur, xüsusən fərdi yaşayış evlərinin hamam otaqlarında dəm qazından zəhərlənmə hallarına daha tez-tez rast gəlinir. Məhz bu səbəbdən mövcud qanunvericilik aktları ilə bu tip otaqlarda qaz cihazlarının quraşdırılmasına icazə verilmir. Mənzillərdə hər hansı təmir və ya yenidənqurma işləri aparılarkən bu cihazların mətbəx və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi tələb olunur.
-Təbii qazın hava ilə qarışığı hansı hədd daxilində yanğın və partlayışa səbəb ola bilər?
-Qazın zəhərlənmə və partlayış xüsusiyyətləri var. Əgər qapalı mühitdəki qaz-hava qarışığının 5-15 faizini qaz təşkil edirsə, artıq orada yanğın-partlayış hadisəsi baş verir.
-İnsanların dəm qazından zəhərlənmələri ilə bağlı hansı maarifləndirici tədbirlərə ehtiyac var?
-Maarifləndirməyə çox böyük ehtiyac var. Dəm qazı yanmamış qazdır, yəni istənilən məhsul yandıqda natamam yanma baş verə bilir. İzah etdiyimiz kimi, təbii qaz natamam yandıqda dəm qazı yaranır. Təəssüf ki, insanlar çox zaman standartlara uyğun olmayan cihazlar alır, müvafiq tələbləri pozur, məsuliyyətsizlik edir və nəticədə bu hadisələr baş verir. Partlayışlarda, yanğınlarda insan faktoru əsas rol oynayır. Qaz yanacağının evə daxil olan borusu, qaz cihazları daim nəzarətdə saxlanmalıdır.
-Fövqəladə Hallar Nazirliyi dəm qazı ilə bağlı hansı tədbirlər həyata keçirir?
-Respublika ərazisində qaz təchizatı və istehlakı sahəsində mövcud nöqsan və qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər hazırlanıb həyata keçirilir. Bu məqsədlə nazirliyin mütəxəssisləri tərəfindən respublika ərazisində yerləşən müxtəlif təyinatlı obyektlərdə mütəmadi müayinələr aparılır, qaz təsərrüfatında aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün "Azəriqaz" İB-nə müvafiq məktublar ünvanlanır. Arzumuz odur ki, vətəndaşlarımız təhlükəsizlik qaydalarına düzgün riayət etsinlər.
İlhamə ƏBÜLFƏT