5 İyul 2017 10:54
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər yenə əsgərlərlə, ordu ilə yox, dinc əhali ilə müharibə aparır. Çox murdar əməldir. 200 il bundan qabaq da belə ediblər. Ermənilər həmişə qadınlara, uşaqlara, qocalara divan tutublar, soyqırımı aktı törədiblər. Bu gün də bu vəhşilikləri davam etdirirlər. Tam əminliklə deyirəm ki, Azərbaycan Ordusu onların murdar hərəkətlərinə qarşı lazımi tədbirlər görəcək, elədiklərinin əvəzini 20 qat artıqlaması ilə ödəyəcəklər. Bunun şahidi olacağıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Ermənistan Silahlı Qüvvələrinin dünən saat 20 radələrində Füzuli rayonunun Alxanlı kəndinə etdiyi hücum barədə danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan qoşunu Azərbaycanın işğal olunmuş ərazisindədir, ordumuz onları torpaqlarımızdan çıxarmaq üçün tədbirlər görməlidir: “Təhlükə həmişə mövcuddur, statistik məlumatlarda Müdafiə Nazirliyi açıqlayır ki, atəşkəs 120-140 dəfə pozulub. Bu, artıq müharibə deməkdir. İndi dəhşətli müharibə alovlana bilər. Onun qarşısını heç kəs ala bilməyəcək, Azərbaycan Ordusu erməniləri süpürüb torpaqlarımızdan çıxaracaq. Proses buna doğru gedir, başqa yol yoxdur”.

Deputat hesab edir ki, bu hadisələrdən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu nəticə çıxarmalıdır:

“Yaramaz Minsk qrupu görməlidir ki, erməni nə işlə məşğuldur. Ermənilər özlərini tülkülüyə qoyub dinc əhalinin başına oyun açırlar. Cəbhə bölgəsində yaşayan nə qədər azyaşlını öldürüblər, ev-eşiyi yandırıblar. Həmsədrlər buna diqqət yetirməlidir. 1 saatın içində Rusiya və müxtəlif dövlətlərə qarşı sanksiyalar tətbiq edirlər, hərəkətə keçirlər, 25 ildən artıqdır ermənilər bizim başımıza bu müsibəti açır, onlara qarşı bəlkə 1 cümləlik sanksiya və ya qərar olub? Xeyr! Ermənilər də bundan istifadə edib bildiklərini edirlər. Bunun qarşısını alacaq yeganə qüvvə var, o da Azərbaycan Ordusudur. Ordumuz öz sözünü deyib onların cavabını yüksək səviyyədə verəcək”.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər