Milli Məclisin deputatı, prezidentin sabiq müşaviri Rasim Musabəyov Myanmarda müsəlmanların kütləvi öldürülməsi və etnik təmizləməyə məruz qalmasına, müsəlman ölkələrinin bu hadisələrə verdiyi reaksiya ilə bağlı suallarımıza cavab verib.
Teleqraf.com müsahibəni təqdim edir.
- Rasim müəllim, Myanmarda müsəlmanlara qarşı baş verən etnik təmizləmə siyasəti qeyri-adekvat güc tətbiq etməklə müşahidə olunur. Yüzlərlə müsəlman öldürülüb, yurdundan edilib. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Myanmada çox sərt rejim olub. Orada hərbçilərin hakimiyyəti zamanı bundan da dəhşətli hallar baş verib. Təəssüflər olsun ki, bu ölkədə toletantlıq deyilən bir şey yoxdur. Orada hesab edirlər ki, müsəlmanlar yerli əhali deyil, vaxtı ilə Banqladeşdən köçüb ora gələnlərdir. Amma hər bir halda baş verənlər xoşagəlməyən hadisələrdir. Düşünürəm ki, islam ölkələri yaşananlara sərt münasibətini bildirməlidir.
- Ancaq iş ondadır ki, Avropa, Amerika, hətta Asiya ölkələri də bu duruma susqunluq nümayiş etdirir...
- Nəzərə alın ki, Birma təcrid edilmiş dövlətdir. Bu rejimə qarşı mümkün olan bütün sanksiyalar tətbiq edilib. İndi həmin ölkədə yeni prezident seçilib, lakin ölkə yenə də qapalıdır. Şimali Koreyaya dünya nə edə bilir ki? Birmada onun bir tayıdır.
- Myanmada hakimiyyətdə 20 il həbs yatan, insan hüquqlarının daima müdafiə edən Aunq San Suçidir. Bu şəxs insan hüquqlarının müdafiəsinə, habelə 21 il xunta rejimi ilə mübarizəsinə görə Nobel mükafatı da alıb. Ancaq indi rəhbəri olduğu dövlətdə müsəlmanlar amansızcasına məhv edilir...
- Bəli. Bu xanım hakimiyyətə gəlib. Lakin onun arxasında yenə də əvvəlki hərbçilər durur. Yəni ölkədə vəziyyətə nəzarət edən əvvəlki hərbçilərdir. Reallıq budur. Prezident çox güman ki, ölkədə vəziyyətə tam nəzarət edə bilmir.
- İndi orada müsəlmanları qırıb etnik təmizləmə aparacaqlar və dünyada buna susacaq?
- Düşünmürəm ki, müsəlmanları qırıb qurtaracaqlar. Hazırda çoxlu sayda müsəlman qadın və uşaqlar Banqladeşə keçiblər. Banqladeşdə də onları bir adaya yığıblar. Ancaq yağış mövsümü başlasa bu insanlar suyun altında qalacaq. Eyni zamanda nəzərə alın ki, Birmaya yaxın olan Malaziya və İndoneziya kimi müsəlman ölkələri də var. Malaziya və İndoneziya ayrı-ayrılıqda 45-50 min qaçqın qəbul etməyə hazırdır. Ancaq nəzərə alınmalıdır ki, Birmada söhbət bir milyondan çox müsəlmandan gedir.
- Bir milyon insanı yaşadığı ərazidən çıxarmaq mümkündürmü?
- Niyə mümkün deyil ki? Bəyəm bizi zamanında çıxarmayıblar? Axı bu hal sizin və mənim gözüm qarşısında baş verib. 500 min insanımızı 3 ay müddətində çıxarmadılarmı? Deməli, bu mümkündür və baş verə bilər.
- Xristian dünyası baş verən qətliamla bağlı səssizdir. Bəs müsəlman dünyasının bu hadisəyə münasibəti sizi qane edirmi?
- Mən hələlik sərt reaksiyanı müşahidə etmirəm. Əslində, bu məsələ BMT-də qaldırılmalıdır. Bunu birinci növbədə Birmaya qonşu olan müsəlman ölkələri etməlidir. Banqladeş, Malaziya və ya İndoneziya bunu etməlidir. Biz də buna dəstək verməliyik. Onlar tərəfindən hələlik mən sərt reaksiya müşahidə etmirəm.
- Əvəzində Türkiyə bu məsələyə daha çox reaksiya verir.
- Türkiyə bəyanat verir. Nəzərə alın ki, həm də bizim orada baş verənlərlə bağlı məlumatımız azdır. Məlumat az olduğundan ağızdolu danışmaq da doğru deyil. Konkret olaraq vəziyyəti orada izləyəndən və ilkin mənbələrdən informasiya aldıqdan sonra dəqiq danışmaq olar. Biz indi Qərb mətbuatına sızan məlumatlar əsasında fikrimizi deyirik. Amma hər bir halda mövqe olmalıdır. Orada baş verənlər qınanmalıdır. Dini və etnik ayrıseçkilik pislənməlidir. Biz islam həmrəyliyi ilini keçirmişik. Bu cür hadisələrdə də həmrəylik nümayiş olunmalıdır. Bundan sonra nəyin olub-olmayacağı haqda mənim nəsə deməyim əsas deyil.
- Myanma hökumətinə təzyiqlər effekt verə bilərmi, yoxsa onlar da Şimali Koreya kimi heç kimi saymır?
- Elə məsələlər var ki, hakimiyyət onu nəzarətdə saxlaya bilmir. İndi yerlərdə də radikal, gərginliyə meyilli olan qruplar, şəxslər var. Təsəvvür edin ki, Myanma kifayət qədər böyük dövlətdir. Onun əhalisi 60 milyondan çoxdur, ərazisi isə iki Fransa boydadır. Mən istisna etmirəm ki, orada inzibati qaydalarla baş verənlərin qarşısını ala bilmirlər. O ki qaldı hərbçilərin bu məsələyə müdaxiləsinə, nəzərə alın ki, onlar da millətçilərdir və əhval-ruhiyyələrinə görə, eyni mövqeni bölüşürlər. İndi bundan sonra nə edəcəklər və ya nə etməyəcəklərini biz dəqiq bilmərik. Bir daha deyirəm ki, bizim orada baş verənlər barədə geniş və dolğun informasiyamız yoxdur. Bəli, biz oradakı müsəlmanlarla həmrəylik nümayiş etdirməliyik. Lakin biz oradan qaçqın qəbul edə bilmərik. Əgər söhbət yardımlardan gedəcəksə, varlı müsəlman ölkələri əllərini cibinə atacaqsa, Azərbaycan da hansısa şəkildə bu yardımı edə bilər. Biz bundan artıq nə edə bilərik ki?
- Sizcə, varlı, zəngin və müsəlmanların müdafiəçisi rolunda çıxış edən müsəlman ölkələri niyə susqunluq nümayiş etdirir?
- Mən haradan bilim? Gedin bunu İran, Pakistan və ya digər ölkələrin siyasətçilərindən soruşun. Onu deyə bilərəm ki, çox təəssüflər olsun, müsəlman ölkələri arasında biz istədiyimiz səviyyədə həmrəylik yoxdur. Nə daxillərində, nə də müsəlman ölkələri arasında. Biz görürük ki, bəzi müsəlman ölkələri daxilində məzhəb davası gedir.