Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının bu ay Nyu Yorkda keçiriləcək sessiyasında iştirak etməyi planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA-Novosti"yə dövlət başçısnın mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Yox, Rusiya prezidentinin iştirakı planlaşdırılmayıb", deyə o bildirib.
BMT Baş Assambleyasının sessiyası sentyabrın 12-də başlayacaq. Sentyabrın 19-dan yüksək səviyyədə ümumsiyasi məsələlərin müzakirəsi həftəsinə start veriləcək.
"Röyter" agentliyi bu gün ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında BMT-də islahatlar məsələsinə dair çıxış edəcəyi xəbərini yayıb. D.Trampın sentyabrın 18-də Nyu-Yorkda dünya liderləri ilə bu məsələni müzakirə etmək niyyətində olduğu da bildirilib. Agentliyin məlumatına görə görüşə BMT Baş katibi Antonio Quterreşə effektiv islahatlara başlamaqla bağlı ünvanlanacaq 10 bənddən ibarət bəyannaməni imzalayacaq siyasətçilər dəvət ediləcək.
Belə anlaşılır ki, V.Putin D.Trampın BMT ilə bağlı çağırışını müsbət çavablandırmadığı üçün Nyu Yorka dəvət edilməyib.