Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.
Teleqraf.com xəbər verir ki, dövlət başçısına plantasiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, sovetlər dönəmində Lənkəranın İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda Prezident İlham Əliyevin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. “Yaşıl Çay” MMC də yaradılan bu şəraitdən səmərəli istifadə edir. Fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə - ölkədə elan edilən “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl Çay” fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır. Gələcəkdə isə çay sahələrinin ümumi sahəsi 100 hektara çatdırılacaq. Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılması həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.
Prezident İlham Əliyevə məlumat verilib ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.
Dövlət başçısı “Yaşıl Çay” MMC-nin tut tingləri əkilən sahəsinə də baxıb. Bildirilib ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun “Yaşıl Çay” fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.
Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşüb.
İşçilər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz?
İşçilər: Çox sağ olun, yaxşıyıq. Bayramınızı təbrik edirik, cənab Prezident. Qədəmləriniz uğurlu olsun.
Prezident İlham Əliyev: Sağ olun. Mən də sizi təbrik edirəm, bayramınız mübarək.
İşçilər: Bizim üçün bu şəraiti yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Sağ olun. Çox yaxşıdır ki, burada çayçılıq inkişaf edir. Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub. İndi də bu ənənəvi sahəni bərpa edirik. Çox şadam ki, bu sahə bərpa olunur. Sahələr artırılır və iş yerləri açılır, xüsusilə də qadınlar üçün. Çünki ənənəvi olaraq Azərbaycanda çayçılıqla qadınlar məşğul olurlar. Necədir işinizdən razısınız?
İşçilər: Bəli, cənab Prezident, razıyıq.
Prezident İlham Əliyev: Yaxşı maaş verilir?
İşçilər: Bəli, yaxşıdır.
Prezident İlham Əliyev: Çox yaxşı.
Sonda xatirə şəkli çəkdirilib.