Gürcüstan hökumətinin əsas məqsədlərdən biri də azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası olmasıdır.Təəssüf ki, hələ də Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Prezident Administrasiyasının Milli azlıqlar üzrə komitəsinin sədri Sofiya Şamanidi Gürcüstanın Marneuli rayonunun icra hakimiyəti binasında Azərbaycan jurnalistləri ilə keçirilən görüşdə bildirib.
Sofiya Samanidi azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında bu məqamı əsas problem kimi xatırladıb. O, Gürcüstan iqtidarı tərəfindən buradakı əhalinin gürcü dilini öyrənməsi istiqamətində bir çox layihələr həyata keçirdiyini, bütün məktəblərdə gürcü dilinin öyrədildiyini söyləyib: "Biz əlimizdən gələni edirik ki, bu günkü məktəblilər, sabahın gəncləri gürcü dilini öyrənsinlər, gürcü cəmiyyətinə inteqrasiya olunsunlar. Biz onların Azərbaycana, Rusiyaya və digər ölkələrə iş üçün getməsini istəmirik. Onları bir çox layihələrə cəlb etməklə, potensialından öz ölkəmizdə faydalanmağın tərəfdarıyıq".
Prezident Adminstrasiyasının rəsmisi həmçinin son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması və nəticədə Azərbaycan əsgələrinin şəhid olmasından təəssüfləndiyini qeyd edib, bütövlükdə dünyada, o cümlədən Qafqazda sülh və əmin-amanlığın olmasını arzulayıb.
Marneuli rayon icra hakimiyətinin başçısı Merab Tapçişvili isə soydaşlarımızın Marneulidəki vəziyyətindən danışaraq bildirib ki, rayonda yaşayan əhalinin 82 faizini azərbaycanlılar, 8 faizini isə yunanlar, gürcülər, ermənilər, ruslar və sair millətlər təşkil edir. Onun sözlərinə görə, burada əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Dövlət tərəfindən kəndlilərin öz torpaqlarından səmərəli istifadəsinə şərait yaradılır, onlara həm maddi, həm də texniki dəstək göstərilir. Yerli banklar vasitəsilə rayon sakinlərinə, öz təsərrüfatlarını inkişaf etdirməsi üçün 1-6 faizlə pul kreditləri də verilir. Bununla yanaşı, rayon ərazisindəki istehsal müəssisələri və zavodlar tədricən yeni müasir avadanlıqlarla təchiz olunur ki, bu da yerli əhalinin məşğulluğuna müsbət təsir göstərir. İcra başçısı deyib ki, rayonda iqtisadiyyatla bərabər, təhsilin, idmanın, mədəniyyətin və digər sahələrin inkişafı üçün də müxtəlif tədbirlər həyata keçirilir. O, təkcə Marneuli rayonundan minə yaxın gəncin Gürcüstan ali mətəblərində təhsil aldığını da qeyd edib.
Tədrbidə çıxış edən Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abduallayev deyib ki, gürcü və Azərbaycan xalqı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. O, qeyd edib ki, bu yaxınlarda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə 33 yerdən 16-na azərbaycanlılar seçiliblər.
Görüşün sonunda Azərbaycan jurnalistləri tərəfindən Gürcüstan prezidentinə çatdırılması üçün Sofiya Şamanidiyə, həmçinin Merab Tapçişviliyə Qarabağla bağlı kitablar təqdim olunub.