Rusiyaya qarşı onsuz da indiyə qədər sanksiyalar tətbiq olunurdu. Və bu embarqolar Rusiyanın iqtisadi-maliyyə imkanları üçün əlavə problemlər yaradırdı. Bu gün qəbul ediləcək sanksiyalar isə Rusiya üçün daha ciddi çətinliklər yarada bilər.
Bunu Teleqraf.com-a iqtisadçı Natiq Cəfərli bu gün ABŞ Konqresində Rusiyaya qarşı qəbul ediləcək “Kreml hesabatı” adlı sanksiyalar sənədini şərh edərkən deyib.
İqtisadçı bildirib ki, Rusiyaya yeni sanksiyalar əsasən enerji, bank sektoruna tətbiq ediləcək, onun xarici borclanmaya çıxışının qarşısını alacaq:
“Əvvəl sanksiyalar olsa da, Rusiya Asiya bankları vasitəsilə maliyyə resursları tapa bilirdi. Ancaq bu gecə qəbul olunacaq sanksiyalarla Rusiyanın xarici borclanması, maliyyə resurslarına çıxışının da qarşısı alınacaq. Eyni zamanda bu ölkəyə xarici investorların marağı azalacaq, habelə müasir avadanlıq, texnologiya və innovasiyaların Rusiyaya daxil olmasının qarşısı kəsiləcək. Əsas sanksiyalar Rusiyanın neft-qaz və bank sektoruna tətbiq ediləcək”.
Mütəxəssis qeyd edib ki, sanksiyalar həm də Rusiya hökumətinə yaxın olan milyarderlərə, oliqarxlara tətbiq olunacaq. Milyarderlərin çoxunun adı bu sanksiya ilə bağlı ABŞ administrasiyasının hazırladığı hesabata daxil edilib. Rusiyanın hərbi sənaye kompleksi də sanksiyaların təsiri altına düşəcək.
Natiq Cəfərli hesab edir ki, bu sanksiyaların nəticəsində onsuz da aqressiv olan Rusiya bir qədər də aqressivləşəcək:
“Yəni hər addımda ABŞ-a qarşı çıxış edəcək. Üstəlik ABŞ-Rusiya qarşıdurması kəskinləşdikcə bu özünü dünyanın müxtəlif regionlarında büruzə verəcək. Hesab edirəm ki, bu təhlükəli məqamdır”.
İqtisadçı qeyd edib ki, ABŞ sanksiyalarına qarşı Moskva da müəyyən addımlar atacaq:
“Bildiyiniz kimi, Çexiyada seçkilərdə Rusiya meyilli şəxs qalib gəldi. Eləcə də Macarıstanda yeni hökumət Rusiyaya qarşı sanksiyaların ləğvini istəyir. Nəzərə almaq lazımdır ki, Alman siyasətçilərinin çoxu da bu sanksiyaları arzu etmir. Çünki milyardlarla pul itirirlər. Bu mənada düşünürəm ki, Rusiya daha çox Avropa ilə əlaqələrə üstünlük verəcək, Amerika-Avropa birliyində problemlər yaratmağa çalışacaq”.
Xatırladaq ki, bu gün ABŞ hökuməti Konqresə “Kreml hesabatı”nı təqdim edəcək. Siyahıda Rusiya prezidentinə və Kremlə yaxın olan biznesmenlərin və siyasətçilərin adları yer alacaq. Habelə sənəddə Rusiya xüsusi xidmət orqanlarına, fiziki şəxslərə, energetika, müdafiə sənayesi və maliyyə sahəsində fəaliyyət göstərən şirkətlərə qarşı yeni sanksiya tədbirləri təklif olunacaq.
“Kreml hesabatı”ına adları daxil edilən oliqarxlara və məmurlara dərhal sanksiyalar tətbiq etmək nəzərdə tutulmur. Lakin hansısa oliqarxın adının bu siyahıda yer almasının özü bəs edəcək ki, həmin oliqarxın biznesində çətinliklər yaransın və xarici tərəfdaşlar ondan mümkün qədər uzaq dursun.
Bəzi iddialara görə, yeni sanksiyalar Rusiyadan silah ixracını da əhatə edə bilər. Dövlət Departamenti tərəfindən hazırlanmış siyahıda 39 Rusiya hərbi sənaye şirkətinin və kəşfiyyat strukturunun adları yer alır.