12 Aprel 2018 22:08
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident bu məsələni turizmin inkişafı ilə bağlı demişdi. Yəni o bildirir ki, biz turizmin inkişaf etdirilməsi üçün viza verilməsini sadələşdiririk.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərhəd-keçid məntəqələrində baş verən özbaşınalıqlarla bağlı nitqini şərh edərkən deyib.

Onun sözlərinə görə, vizanın xaricdəki konsulluqlardan alınıb, aeroportda verilməsi təşkil edilib:

“Amma Xarici İşlər Nazirliyindən buraya göndərilən məmurlar rüşvətxorluğa qurşanıblar. Bu da ciddi nəzarət altına alınıb və ifşa olunub. Hazırda həmin şəxslər həbsdədirlər. Prezident deyir ki, yenə də qulağıma müxtəlif sədalar gəlir. Burada turistlərin ölkəyə daxil olduqdan sonra otellərdə qarşılaşdığı müxtəlif bürokratik əngəllər, şəhərdə gəzərkən polislərin müəyyən davranışları ilə nəzərdə tutulur. Ən başlıcası isə tur operatorları bəzən öz öhdəliklərini yerinə yetirmirlər. Məsələn, turist Bakıya gəlir, Qəbələyə, Naxçıvana, Lənkərana getməlidir. Amma tur operatorları onları yalnız Qəbələyə və ya Bakının ətraf yerlərinə aparmaqla işlərini bitmiş hesab edirlər. Pulu isə əvvəlcədən alıblar. Bu da turistlərin narazılığına səbəb olur. Yeməklərin qiymətlərində müəyyən bahalıq müşahidə olunur. Nəqliyyat xidmətlərində, xüsusilə taksilərdə turistlərin aldadılması halları baş verir. Məsələn 5 manatlıq yolu 10-20 manata aparırlar”.

Politoloq bildirib ki, Türkiyə, Yunanıstan, İspaniya kimi dövlətlər büdcəsinin yarısını turizmin hesabına doldurur:

“Bizim onlardan heç nəyimiz əskik deyil. Dənizimiz, tarixi abidələrimiz, gəzməli-görməli yerlərimiz kifayət qədərdir. Otel sistemimiz, yerlərdə tur bazalarımız var. Mütləq göstərilən xidmətin səviyyəsi artırılmalıdır. Turistlərə qarşı münasibətdə həssaslıq tələb olunur. Onların yerli mətbəxinin tələbləri nəzərə alınmalıdır. Çalışmaq lazımdır ki, ölkəyə gələn turist yenidən bu ölkəyə qayıtsın. Onu buradan “qaçırtmaq” olmaz. Turistlər çoxaldıqca bu, yeni iş yerlərinin də açılmasına da səbəb olacaq”.

Qabil Hüseynli qeyd edib ki, istər məmurlar, istər işçilər diqqətli olmalıdır: “Hər şey məmurlardan başlayır. Onlar bu cür həssas məsələləri nəzarətə alıb, turizmin inkişafına qayğı göstərməlidirlər. Yəni hər şey onların nəzarəti altında olmalıdır”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sərhəd-keçid məntəqələrində baş verən özbaşınalıqlarla bağlı sərt çıxışında “Bəzi hallarda gələnləri incidir, yolda saxlayır, onlardan əsassız rüşvət, pul tələb edir, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim", - deyib və bundan sonra da bu cür hərəkət edənlərin ciddi cəzalanacağını bildirib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər