Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi qərarı birmənalı qarşılanmadı. Qardaş ölkədə 2019-cu ildə seçki keçirilməsi planlaşdırıldığı halda Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının belə bir təkliflə çıxış etməsi və bu təklifin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən dəstəklənməsi istər-istəməz suallara yol açdı.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Rusif Məmmədov bildirib.
O qeyd edib ki, əslində D.Baxçalı prezidentlə müəyyən danışıq apardıqdan sonra belə bir təkliflə çıxış edib:
“Onu da qeyd etmək lazımdır ki, bu fikir Dövlət Baxçalıdan əvvəl də səsləndirilmişdi. Lakin Ərdoğan bu fikirləri təkzib edərək seçkilərin təyin olunduğu vaxtda keçiriləcəyini bildirmişdi. Bu da onu deməyə əsas verir ki, AKP və MHP-nin birgə addımı bir növ cəmiyyətin reaksiyasının yoxlanılması kimi də atıla bilər”.
R.Məmmədov əlavə edib ki, Türkiyənin hazırda regionda bir o qədər də fəal olmadığının şahidiyik:
“Bunun da müəyyən səbəbləri var. İlk növbədə Türkiyədə iqtisadi problemlər davam edir. Bunun əsas səbəblərindən biri məhz Suriyanın Afrin bölgəsində həyata keçirilən hərbi əməliyyatlarla bağlıdır. Əgər bir dövlət hərbi əməliyyatlarda iştirak edirsə, təbii olaraq onun iqtisadiyyatı da buna tab gətirməlidir. Əks təqdirdə ölkə çökməyə doğru gedər.
Türkiyədə vəziyyət fərqlidir. Ankaranın əməliyyatları davam etdirməyə iqtisadi qüdrəti çatırdı. Amma Türkiyə Silahlı Qüvvələri ABŞ ordusundan fərqli olaraq şəhəri viran edib getmədi. Əməliyyatlardan dərhal sonra şəhərdə yenidənqurma işləri aparıldı, humanitar yardımlar artırıldı. Suriyalıların da öz ölkələrinin təhlükəsiz bölgələrinə qaytarılması və sair addımlar pul tələb edir. Türkiyənin iqtisadi vəziyyətinin ağırlaşmasının əsas səbəblərindən biri budur”.
Həmsöhbətimiz əlavə edib ki, digər tərəfdən Türkiyə milli valyutasının ABŞ dolları qarşısında dəyər itirməsi kimi hallar AKP hökumətini narahat etməyə bilməzdi:
“Ərdoğan hökumətinin əsas məqsədi Afrində qazanılmış uğurun seçkiyə daşınmasıdır. Bu səbəbdən əslində hazırkı hökumət özü də növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsində maraqlı idi. Məsələ ondadır ki, iqtisadi vəziyyətin daha da pisləşməsi Afrin uğurunu yaddan çıxara bilər.
Təbii ki, səbəblər bununla bitmir. AKP və MHP-ni növbədənkənar seçkilərə getməyə vadar edən digər səbəblərdən biri məhz İyi Partiyanın lideri Maral Akşənər amili ilə bağlıdır. Belə ki, seçkilərdə əsas rəqabətin AKP-MHP cütlüyü ilə bu partiya arasında olacağını düşünürəm”.