ABŞ-ın Azərbaycandakı səfirliyi dövlət katibinin Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə köməkçisinin müavini Elis Uellsin iyunun 27-29 Azərbaycana etdiyi səfərlə bağlı açıqlama yayıb.
Teleqraf.com-a daxil olan açıqlamada bildirilir ki, diplomat Əfqanıstan üzrə Beynəlxalq Kontakt Qrupunun (BKQ) görüşündə iştirak edəcək. Sözügedən görüşə Əfqanıstanda sülhün və təhlükəsizliyin gücləndirilməsinə dəstək vermək məqsədilə 50-dən çox dövlət və beynəlxalq təşkilatın nümayəndələri qatılacaq. Görüş iştirakçıları Əfqanıstanda növbəti 10 ay ərzində keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinə hazırlıq işlərini müzakirə edəcək.
Azərbaycanda olarkən E.Uells Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüşlərər keçirərək Azərbaycanın Əfqanıstan hökumətinə və NATO-un Əfqanıstanda keçirdiyi missiyasına (Qətiyyətli Dəstək Missiyası) verdikləri dəstəyə görə minnətdarlıq bildirəcək. Səfir Uells, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Çin, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər dövlətlərin yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirəcək. Səfirlik bildirir ki, İslam Əməkdaşlıq Təşkilatı və sözügedən dövlətlərin Qurban bayramı ilə əlaqədar bəyan olunan atəşkəsə verdikləri dəstək Əfqanıstanda sülh prosesinə verilən güclü beynəlxalq dəstəyin işarəsidir.