2 İyul 2018 11:45
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso xidməti fəaliyyətinə tanınmış yaponiyalı alim və mötəbər Nansen Qaçqın Mükafatının laureatı Doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda səfərdə olan “Fuji”” humanitar missiyasının altı nəfər optometrist mütəxəssisindən ibarət heyətini qəbul etməklə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu, “Fuji” humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. Bu gün başlayan missiya 11 iyula qədər davam edəcək.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət 3-5 iyul tarixlərdə Gəncədə, 6-7 iyul tarixlərdə Şəmkirdə, 9 iyul tarixində isə Bakı şəhərində keçiriləcək. Missiyanın sonunda heyət rəhbərlərinin yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Yaponiyanın “Fuji” humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün “Fuji” humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər