10 Avqust 2018 15:44
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti Emoməli Rəhmonun Bakı səfəri iki ölkə arasındakı ticari, iqtisadi və nəqliyyat sahələrindəki əməkdaşlığın inkişafını sürətləndirəcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq bildirib ki, Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş görüşdə bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra sənədlər imzalanıb:

“Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Prezident İlham Əliyev də görüşdən sonra keçirilmiş mətbuat konfransında da vurğuladı və öz təşəkkürünü bildirdi ki, Tacikistan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək verən ölkələrdən biri olub. Biz bu və digər məsələlərdə Tacikistanın Azərbaycana dost mövqeyini görmüşük.

Digər yandan, Tacikistan Əfqanıstanla sərhəddə yerləşir. Bu baxımdan da Tacikistan Mərkəzi Asiya istiqamətində terrorizmin, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların və mütəşəkkil cinayətkar qruplaşmaların Cənubi Qafqaz, yaxud keçmiş Sovet coğrafiyasına yönəlməsinin qarşısını alan ölkələrdən biridir. Tacikistan İŞİD, Əl-Qaidə, Taliban kimi terror təşkilatlarının Mərkəzi Asiyadan digər bölgələrə yayılmasının qarşısının alınması üçün ciddi mübarizə aparır. Yəni, terrorizmin yayılmasının qarşısının alınmasında Tacikistan sipər rolunu oynayır. Bu baxımdan da, Tacikistan prezidentinin Bakı səfəri ikitərəfli münasibətlərin şaxələndirilməsi üçün ciddi əhəmiyyətə malikdir. Hesab edirəm ki, hər iki tərəf bu əlaqələrə böyük önəm verir”.

Nəzakət Məmmədovanın sözlərinə görə, Tacikistan başçısının Bakı səfəri göstərdi ki, Tacikistan Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və komnukasiya layihələrinə maraq göstərir: “Buna görə də Tacikistanın gələcəkdə Bakı – Tiflis – Qars dəmir yolu xəttinə qoşulması mümkündür. Prezidentlərin birgə mətbuat konfransında bununla bağlı ölkə başçısı İlham Əliyev açıqlama verdi. Tərəflər arasında müzakirə olunan məsələlərdən biri də budur”.

Qeyd edək ki, Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıya gəlib. O, paytaxtda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə bir sıra sənədlər imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər