"Türk lirəsi ucuzlaşır. Həm də çox sürətlə... Prosesin qarşısının alınması üçün hələlik hər hansı bir ciddi addım nəzərə çarpmır. Baş verənlərin iqtisadi əsaslarının olduğunu deyə bilmərəm. Bəlkə də var. Amma siyasi əsasları şübhəsiz ki, daha çoxdur. Belə zamanlarda bütün siyasi qərarlar nə qədər ağrılı olsa da millətin xeyrinə verilməlidir".
Politoloq Elçin Mirzəbəyli Türkiyə lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyər itirməsini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, ABŞ-ın Türkiyəyə qarşı bütün davranışları ədalətsizdir: "Bunu basa düşdük. Amma bunu basa düşərək yenidən eyni davranışları sərgiləməyin adını tapa bilmirəm. ABŞ əmin oğlu deyil, xalan oğlu deyil, qardaşın hec deyil. Dünyada da ədaləti təmin edə biləcək heç bir mexanizm yoxdur. O zaman bu qəzəbin, korporativ hikkənin hədəfi nədir? Nəyin izindəsiniz? Haqlısınız, anladıq. Ancaq bu haqqı sizin özünüzdən başqa qəbul edən yoxdur axı... Dolları bahalaşdıran iqtisadi amillər deyil, siyasi hikkənin təzyiqdir... Türkiyəni ayaqda saxlayan kiçik və orta biznes sahibləri çox ciddi sınaq qarşısında qalıblar. İstehsal və emal müəssisələri 3 günün içərisində 50 faizdən cox zərər görüblər. Onların siyasi oyunlar, yaxud xarakter nümayişi üçün nə vaxtları, nə də ehtiyat vəsaitləri var. Türkiyə iqtisadiyyatı uzunmüddətli ticarət müharibələri üçün dayanıqlı deyil. Əgər bir tvitlə dollar 2,5 TL bahalaşırsa, deməli yerində olmayan çox şey var..."
E.Mirzəbəyli hesab edir ki, döşək, yastıq altındakı vəsaitlərlə milli valyutanın dayanıqlığını təmin etmək mümkün deyil: "Türkiyə vətəndaşlarının yastıq altındakı paraları heç bir bankın fəaliyyətini təmin etmək üçün yetərli deyil. Yastıq altında para saxlayanların əksəriyyətinin heç yastığı da qalmayıb. İqtisadiyyat ediləcəklərlə, olunacaqlarla inkişaf etmir. Bu işdə etdim və oldudan başqa heç nə keçərli deyil..."