8 Dekabr 2018 13:08
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın gündəminə bomba kimi düşən “sarı jiletlilər” yenidən Fransanın paytaxtında meydana çıxıb.

Teleqraf.com xəbər verir ki, Fransa Baş naziri Eduard Filipp etirazçıların nümayəndələri ilə görüşüb.

Lakin görüş ölkədə hökm sürən ağır havanı yumşaltmayıb. Vəziyyətin getdikcə gərginləşdiyini görən hökumət 89 min polis qüvvəsini etirazların keçiriləcəyi məkanlara yönəldib. Təkcə Parisi 8 min polis və hərbi texnika qoruyur.

Fövqaladə vəziyyətə hazırlığı iddiasını da Fransa mediasının gündəminə daşıyıb. Hökumət kütləvi aksiyaların qarşıdurmaya gətirib çıxaracağından narahatdır.

Polis dükan, iş yerlərinin sahiblərinə, vətəndaşlara müraciət edərək, qarşıdurmaların yaşanmaması üçün qapıları bağlı saxlamağı və binaların qarşısında, küçədə aksiyalar vaxtı soyuq silahlar kimi istifadə edilə biləcək əşya saxlamamağı tələb edir.

Vəziyyətin mürəkkəbliyini nəzərə alan restoranlar, muzeylər, ticarət mərkəzləri və dükanlar fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar. Fransa liqası çərçivəsində keçiriləcək “PSJ”-“Monpelye” qarşılaşması da təxirə salınıb.

Nümayişlərin yenidən başlanmasıyla “sarı jiletlilər”dən 278 nəfər polis tərəfindən saxlanılıb.

Fransada benzinin bahalaşması və iqtisadi vəziyyətin pisləşməsinə etiraz olaraq, noyabrın 17-də başlayan aksiyalar ölkədə son illərin ən şiddətli nümayişləri hesab edilir. Prezident Emmanuel Makrondan vergilərin azaldılması və iqtisadi problemlərin həll edilməsi tələb olunur.


Müəllif: Mənsur Rəğbətoğlu