25 Dekabr 2018 14:07
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrə qayğı Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətində prioritet istiqamətdir. Sosial müdafiəsi təmin olunan kateqoriya içərisində qaçqın və məcburi köçkün bacı-qardaşlarımıza cənab Prezidentin xüsusi diqqəti hiss olunur. Ölkə başçısı onlara həmişə diqqətlə yanaşır. Təsadüfi deyil ki, Prezident öz doğum günlərini, hətta 50 illik yubileyini məcburi köçkünlərlə bir yerdə keçirdi, onları sevindirdi, evlərində oturub bir stəkan çay içdi. Bunlar hamısı ölkə başçısının qayğıya ehtiyacı olan vətəndaşa diqqətinin bariz ifadəsidir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, dünən də Azərbaycan prezidenti öz doğum günündə Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək, o insanlarla bir yerdə oldu:

“O insanlara mənzillər verilməsi ikiqat bayram idi. Cənab Prezidentin onların qarşısında etdiyi çıxış insanlarımıza böyük ümid və təskinlik verir ki, nəyin bahasına olursa olsun, Ali Baş Komandanın rəhbərliyi altında öz torpaqlarımıza qayıdacağıq. Nəinki Dağlıq Qarabağ və ətrafındakı torpaqlarda məskunlaşacağıq, gec-tez indi Ermənistan deyilən qədim Azərbaycana dönəcəyik. Ölkə başçısının dedikləri sadəcə, ümid verən sözlər deyil, həm də bunun arxasında böyük iradə və məsuliyyət durur, görülən işlər dayanır”.

Musa Quliyev xatırladıb ki, növbəti müddətə prezident seçiləndən sonra İlham Əliyevin verdiyi ilk fərman məhz bu kateqoriyadan olan insanlarla bağlı olub:

“Şəhid olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat dəyərində birdəfəlik ödəniş barədə qərar dəqiq qayğının ifadəsi idi”.

Deputat indiyədək təxminən 290 minə yaxın məcburi köçkünün hər cür şəraiti olan mənzillərlə təmin olduğunu vurğulayıb:

“Yüzdən çox şəhərciklər salınıb, həmin şəhərciklər sadəcə, evlərdən ibarət deyil, orada hər cür infrastruktur yaradılıb, xəstəxana, mədəniyyət evi, məktəb, uşaq bağçası fəaliyyət göstərir. Bu qayğı gələn illərdə də davam edəcək, yeni mənzillər tikiləcək, yaşayış məntəqələri salınacaq, inşallah, torpaqlarımız azad edildikdən sonra həmin torpaqların bərpası prosesi gedəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər