Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP arasında neft-qaz sənayesi ilə bağlı peşələr üzrə ixtisaslaşan azərbaycanlı işçi qüvvəsinin təlimi və inkişafı, eləcə də insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalanıb.
Teleqraf.com-un xəbərinə görə, ARDNŞ-nin Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlığa dair imzalanmış sazişə əsasən, BP şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təliminə dəstək olmaq barədə öhdəlik götürüb. Onların bir illik təlimi ilə bağlı təhsil haqqı və digər xərcləri BP və onun tərəfdaşları tərəfindən ödənilcək. İkinci sənəd - işəgötürmə və təyinat proseslərinə dair Anlaşma Memorandumu isə Azərbaycanda BP şirkətinin əməliyyatçılığı ilə həyata keçirilən bütün hasilatın pay bölgüsü haqqında sazişləri əhatə edir və işəgötürmə sahəsində əməkdaşlıq etmək üçün ümumi bir baza təqdim edir. Anlaşma Memorandumu BP şirkəti tərəfindən şirkətxarici namizədlərin işə götürülməsi məqsədilə elan edilmiş və yerli əməkdaşlar üçün nəzərdə tutulmuş vakansiyalara işçilərin qəbul olunmasında ARDNŞ və BP-yə əməkdaşlıq imkanı yaradır.
BP-nin əlaqələr, şirkətxarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov imzalanma mərasimindəki çıxışında deyib ki, imzalanmış sənədlər ixtisaslı kadrların və işçi qüvvəsinin inkişafına dəstək olaraq, onların BP-nin əməliyyatçı olduğu layihələrdə maksimum sayda işə cəlb oluna bilməsi üçün göstərilən səylərə uyğundur. 2014-18-ci illəri əhatə edən milliləşdirmə planının bir hissəsi kimi, BP və onun tərəfdaşları yerli işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq üçün müxtəlif təhsil və təlim proqramları vasitəsilə ARDNŞ ilə əməkdaşlıq etməkdən məmnunluq duyur.
ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxışında qeyd edib ki, imzalanmış sənədlər BP-nin Azərbaycandakı fəaliyyətləri üçün tələb olunan neft-qaz ixtisasları və peşələri üzrə personalın milliləşdirilməsi sahəsində mövcud əməkdaşlığı daha da genişləndirmək imkanı verir: “Bu, Azərbaycan gəncləri üçün ölkəmizdə həyata keçirilən dünya səviyyəli neft və qaz layihələrinə cəlb olunmaq baxımından əlverişli fürsətdir. Saziş eyni zamanda Azərbaycan neft-qaz sənayesi üçün müasir standart və tələblərə cavab verən peşəkar fəhlələrin hazırlanması işinə mühüm töhfə olacaq”. Xalik Məmmədov bildirib ki, Anlaşma Memorandumu ARDNŞ və BP-yə Azərbaycanın neft-qaz sənayesində ehtiyac duyulan milli kadrların ehtiyat bazasını yaratmağa və həmin bazanın resurslarından səmərəli istifadə etməyə imkan verəcək.
Naibə