Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Türkiyənin Uşak şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobilin qəzaya düşməsi ilə bağlı açıqlanma yayıb.
Teleqraf.com-a daxil olan açıqlamada qəzanın səhər saatlarında baş verdiyi bildirilib: “Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşak Universitetinin 1 və 2-ci kurs tələbələridir”.
H.Hacıyev qeyd edib ki, Uşak şəhəri Azərbaycanın İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğu Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb: “Hal-hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmaslar davam etdirilir. Həlak olanların cənazələrin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir”.
Qeyd olunur ki, Azərbaycanın Təhsil Nazirliyinə də bu barədə məlumat verilib: “İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib. Yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Səxavət