Hərbi sirr haqqında dövlətin qanunu mövcuddur. Bu qanunda hərbi sirrin qorunması açıq-aydın izah olunur. Amma təəssüflər olsun ki, bəzən qanunun tələbləri pozulur. Hərbi sistemdə olan şəxslərin həmin qanunlara əməl etmək vəzifə borcudur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib.
Komitə üzvü qeyd edib ki, hərbi sirr və onu qorumaq bu işlə məşğul olanların ən mühüm vəzifəsidir.
Deputat bu qaydaları pozmağın birbaşa dövlətin təhlükəsizliyinə xələl gətirə biləcək amil olduğunu da diqqətə çatdırıb: ”Bu cür yanlışlıqlara yol vermək dövlətin müdafiə sisteminə xələl gətirir. Hərbi sirlərin yayılması yolverilməzdir. Dövlət və hərbi sirr haqqında qanunlar mövcuddur. Ona görə də müharibə və qeyri-müharibə şəraitində bu prinsiplərə ciddi əməl etmək lazımdır”.
Elman Məmmədov qeyd edib ki, erməni kəşfiyyatçının əsir götürülərkən çəkilmiş foto və videolarının yayılması ilə bağlı kimlərsə cəzalanıbsa, bu, sıradan bir addım deyil: “Çünki bu məsələlərdə çox ciddi araşdırmalardan sonra qərar verilir. Dövlətin lazımı strukturları araşdırma apararaq belə bir qənaətə gəlib. Məhz bunun nəticəsində dəqiq müəyyən edilir ki, hərbçilər hərbi sirrin yayılmasını qoruduqları halda qaydaları və qanunları pozub. Qanun pozulduğuna görə də onlara müvafiq cəzalar verilib”.
Deputat əlavə edib ki, belə addımların atılmasının kiməsə xoş gəlib-gəlməmək üçün edildiyini düşünmək doğru deyil: “Nizamlı Azərbaycan Ordusunun hərbi qulluqçuları bir daha belə ciddi nöqsanlara yol verməməlidir. Çünki hərb elə bir sahədir ki, burada qanunu pozarsan, həyatını itirərsən, dövlətin təhlükəsizliyinə xələl gətirərsən. Ona görə də qanun və qaydaları pozmuş hərbi qulluqçuların cəzalanmasında qeyri-adilik ola bilməz”.