1 Dekabr 2020 09:14
23 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Teleqraf.com saytına eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

– Cənab səfir, İran İslam Respublikasının ali lideri Seyyid Əli Hüseyni Xameneyi Azərbaycanın apardığı 44 günlük Vətən Müharibəsinin gedişi zamanı ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı bəyanatla çıxış etdi. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu bəyanat sözsüz ki, Azərbaycan tərəfindən böyük məmnunluq hissi ilə qarşılandı. Dost və qonşu İran dövlətinin səfiri kimi bu istiqamətdə nələri qeyd edə bilərsiniz?

– Qeyd etdiyiniz kimi Ali Rəhbərin sözləri İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərinin, beynəlxalq birliyin qəbul etdiyi, İslami və bəşəri normalara söykənən və ədalət üzərində qurulan prinsiplərin açıq və şəffaf bəyan edilməsi idi. İslam Respublikasının rəsmiləri dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinin ölkəmizin prinsipial mövqelərindən biri olduğunu bildiriblər.

Müstəqil ölkənin ərazisinin işğal edilməsi bu gün heç kəs tərəfindən qəbul edilmir və ərazisi işğal olunmuş ölkənin öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparması və döyüşməsi onun haqqıdır. Biz son müharibənin əsas səbəbini işğalda görürük və işğala son verilməsini istəyirik. Bizim Azərbaycan Respublikası və Qarabağ torpaqları barədə mövqeyimiz daim açıq və şəffaf olub. Biz işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın azad edilməsi üçün Azərbaycan Respublikasının mövqeyini müdafiə etmişik. Çünki İran bu ərazilərin Azərbaycan Respublikasına məxsus olduğuna inanır. Azərbaycan Respublikasının ərazi bütövlüyü və milli suverenliyi bizim üçün həmişə vacib olub. Ali Rəhbərin son açıqlamaları bu inama uyğun idi.

– Azərbaycanın apardığı Vətən Müharibəsi nəticəsində İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğaldan azad edildi. Bu amil iki ölkənin sərhədyanı ərazilərinin inkişafına, qarşılıqlı gediş-gəlişin artmasına, ikitərəfli münasibətlərin daha da sıxlaşmasına nə kimi təsir edəcək?

– Şübhəsiz ki, bu günə qədər Ermənistan tərəfindən işğal olunmuş İran İslam Respublikasının sərhədləri yaxınlığında yerləşən Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsinin azad edilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün bir çox yeni imkanlar yaradacaq. Bu məsələ iki ölkə arasında tarixi və mədəni ortaqlıqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əməkdaşlığı genişləndirəcək və müxtəlif səviyyələrdə görüşlərin artması üçün uyğun bir platforma yaradacaq.

Xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olunmadan əvvəl də İran İslam Respublikasının Azərbaycan Respublikası ilə Araz çayı bölgəsində əməkdaşlığı qurulub, ölkəmiz işğal olunmuş bölgədə “Xudafərin” su bəndinin inşasında fəal iştirak edib. Belə ki, su bəndi haqqında saziş illər əvvəl – 2016-cı ildə Azərbaycan Respublikası ilə bağlanaraq işğalçılara bu mesaj verilmişdi ki, İran onların bu regionda varlığını rəsmən tanımır. Bu iş qeyd olunan əməkdaşlığın bariz nümunəsi idi. Daha əvvəl də qeyd edildiyi kimi, İran və Azərbaycan Respublikasının ortaq tarixi, mədəni və dini kökləri iki ölkənin sərhədlərini həmişəlik sülh və dostluq sərhədlərinə çevirib. Bundan sonra iki ölkənin ortaq sərhəd bölgələrinin inkişafını və yüksəlişini görəcəyimizi ümid edirik.

– Bu amil, yəni dövlət sərhədlərimizin 132 kilometrinin işğaldan azad edilməsi İran İslam Respublikasına hansı üstünlüklər qazandıracaq?

– Azərbaycanın azad edilmiş şəhərlərinin İran İslam Respublikasının sərhədlərinə yaxınlığı yalnız İran üçün deyil, həm də Azərbaycan üçün əlverişli fürsət və danılmaz üstünlükdür. Azərbaycan Respublikası İranda olan tikinti materiallarını daha asan əldə etmək, ixtisaslaşmış və təcrübəli işçi qüvvəsindən istifadə etməklə yeni azad olunmuş ərazilərin inkişafını daha az və sərfəli xərclərlə sürətləndirə bilər. Digər tərəfdən, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə ortaq sərhədlərinin uzunluğunun 132 km artırılması iki ölkənin gömrük və nəqliyyat əməkdaşlığının inkişafında yeni addımlar atmasına və yeni keçidlər yaratmasına imkan verəcək.

Lazımi infrastruktur yaratmaqla, iki ölkənin sərhəd münasibətləri ilə yanaşı təhlükəsizliyin də artacağını gözləyirik. İki ölkənin sərhəd bölgələrində sülh, sabitlik və təhlükəsizliyin daha da artacağına ümid edirik və Azərbaycan Respublikasının möhtərəm prezidentinin dediyi kimi bu sərhəd dostluq sərhədidir.

– Cənab səfir, bildiyiniz kimi, 1994-cü il martın 17-də İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsi Xankəndi şəhəri yaxınlığında erməni silahlı qüvvələri tərəfindən “Osa” zenit raket kompleksi ilə vurulub. Nəticədə 19 sərnişin (onlardan 9-u uşaq idi) və 13 ekipaj üzvü olmaqla təyyarədə olan 32 nəfərin hamısı həlak olub. Sərnişinlər İranın Rusiyadakı səfirliyinin əməkdaşlarının ailə üzvləri idilər. Qarşıdan İranda və Azərbaycanda böyük təntənə ilə qeyd olunan, bizim xalqların ortaq bayramı olan Novruz bayramı gəlirdi. Bu dinc, heç bir günahı olmayan, məsum insanlar sevinc içində öz Vətənlərinə – doğmalarının yanına bayramı qeyd etməyə gedirdilər, ancaq onlar bir anda amansız erməni terroruna qurban getdilər... Bu faktı xatırlatmaqda məqsədimiz odur ki, İranın qonşuluğunda özünü “dqr” adlandıran belə bir separatçı, qanunsuz və terrorçu rejimin mövcud olması əslində İran İslam Respublikasının milli təhlükəsizliyini ciddi təhdid edirdi. Siz də bu fikirləri bölüşürsünüzmü?

– İran İslam Respublikası sərhədləri yaxınlığında belə bir respublikanın mövcudluğunu heç vaxt tanımayıb və tanımayacaq. İslam Respublikası həmişə beynəlxalq sərhədlərin toxunulmazlığı və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipini vurğulayır və dünyanın istənilən bölgəsində işğalçılığa, separatizmə və hər hansı qondarma ölkənin yaradılmasına müxalif olduğunu bəyan edir.

– Hərbi əməliyyatların gedişi zamanı – oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Nümayəndə heyəti həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Biz bilirik ki, İran İslam Respublikası regionun aparıcı dövlətlərindən biri kimi bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinin tərəfdarıdır. Eyni zamanda rəsmi Tehranın regionda davamlı sülhün təmin olunması istiqamətində bir sıra təklifləri var. Bu təkliflərin mahiyyətini açıqlaya bilərsinizmi?

– Əvvəla, Prezidentin xüsusi elçisi olaraq Dr. Əraqçinin səfəri, İran İslam Respublikası rəsmiləri üçün Azərbaycanın qonşu, dost və qardaş kimi necə önəmli olduğunu göstərir. Bu səfər müharibənin, qan tökülməsinin və zorakılığın davam etməsinin qarşısını almaq və iki tərəfin ən qısa müddətdə sülh yolu ilə ədalətli bir həll tapması üçün xüsusi niyyət və məqsədlə həyata keçirildi. Ədalətli həll o deməkdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünə nail olsun və işğal olunmuş əraziləri Azərbaycana qayıtsın.

Tehran planı humanitar prinsiplərə əsaslanır və əlaqəli tərəflərin tələblərinə diqqət yetirir və bu planın əsas məqsədi Dağlıq Qarabağ böhranının bitməsinə kömək etməkdir. İran İslam Respublikası öz təşəbbüsü ilə regional əməkdaşlıq yolu ilə Bakı-İrəvan mübahisəsinə həmişəlik son qoymağa çalışır.

İran planının ilk addımında bölgə ölkələrinin işğala son verməsi, ərazi bütövlüyünə hörmət, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı prinsipi, humanitar huquqlara və azlıqların hüquqlarına hörmət, mülki mərkəzlərə və şəxslərə hücum etməmək də daxil olmaqla bir çox prinsip üzrə praktik öhdəliyi yer alır.

– Cənab Əraqçi Azərbaycandan sonra Ermənistanda, Rusiyada və Türkiyədə də səfərdə oldu. Onun turnesini uğurlu hesab etmək olarmı? Tərəflərin İranın təşəbbüsünə yanaşması nədən ibarətdir?

– Dr. Əraqçinin səfəri fərqli baxımdan nəzərdən keçirilə bilər. Birincisi, bu səfər İranın öz şimal qonşularına nə qədər əhəmiyyət verdiyini nümayiş etdirir. Bu səfərin məqsədi tərəflər arasında həll yolunun tapılması və qarşıdurmanın dayandırılması idi ki, xoşbəxtlikdən bu artıq baş verib.

İranın təklif etdiyi sülh planı iştirak edən tərəflər (Ermənistan) tərəfindən qəbul edilməsə də Rusiyanın təqdim etdiyi sülh planı müharibəni dayandırdı və biz bundan məmnunuq. Hərbi əməliyyatların dayandırılması bölgə üçün bir uğur oldu. Digər tərəfdən İran Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə yaxşı münasibətlərinə görə bu ölkələrin mövqelərini yaxınlaşdırmaq üçün yaxşı vasitəçi ola bilərdi. Dr. Əraqçinin bu dörd ölkənin paytaxtına səfəri və bu ölkələrin səlahiyyətliləri ilə apardığı danışıqlar, şübhəsiz ki, müsbət təsirlər göstərdi. Bu səfərin rəyləri və bu dörd ölkənin rəsmiləri ilə aparılan danışıqlar bunu təsdiqləyir. Yalnız bir məqamı qeyd edim ki, İranın təklif etdiyi həll planına ən yaxşı münasibət və cavab Azərbaycan Respublikası rəsmiləri tərəfindən verildi və bu, ölkənizin nə qədər məsuliyyətli bir dövlət olduğunu göstərdi.

Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında atəşkəsə və döyüş əməliyyatlarının dayandırılmasına səbəb olan bəyanatın prinsipləri İran İslam Respublikasının təklifində yer alırdı. Biz Dağlıq Qarabağ böhranının həlli üçün öz planımızı təklif etdik və nəticəsini gözləyirik.

– İran-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı istiqamətində gəlinən hazırkı məqamı necə qiymətləndirirsiniz? Cənab İlham Əliyev doktor Əraqçini qəbul edərkən İran-Azərbaycan əlaqələrinin son illər ərzində çox sürətlə inkişaf etdiyini deyib və hesab etdiyini bildirib ki, münasibətlər tarixdə ən yüksək səviyyəyə qalxıb. Sizin də bu istiqamətdə fikirlərinizi bilmək istərdik...

– İranla qonşu ölkələr arasında, xüsusən də dost və qardaş Azərbaycanla daha sıx və isti münasibətlər qurmaq İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biridir və Prezident Ruhani bunu daim vurğulayıb. Buna görə də bir çox ortaq tarixi, mədəni, coğrafi, dil və s. cəhətləri nəzərə alaraq, İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı təbii bir məsələdir və gələcəkdə daha isti və səmimi olacağı gözlənilir. Doğru şəkildə qeyd etdiyiniz kimi, iki ölkə arasındakı münasibətlər son bir neçə ildə daha da yaxınlaşdı və bu, Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyevin də haqlı olaraq bildirdiyi danılmaz bir həqiqətdir.

İran və Azərbaycan Respublikası arasındakı münasibətlər yeni bir mərhələyə qədəm qoyub və üçüncü qüvvələrin münasibətlərə təsir etməsinə imkan verməməyimiz şərti ilə əvvəlkindən daha isti və hamar olacaq. Allaha şükürlər olsun ki, bu istiqamətdə uğurla irəliləyirik.

– Bildiyiniz kimi, hələ dörd il əvvəl – 2016-cı ilin martında “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanıb. Yenə Prezident İlham Əliyevin Seyid Abbas Əraqçini qəbul edərkən dediyi fikirlərə istinad edirik. Dövlət başçımızın sözlərinə görə, indi hökumətə göstəriş verib ki, biz tərəfdən işçi qrup yaradılsın. “Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk”, – deyə Azərbaycan Prezidenti bildirib. Bu obyektin birgə istismarı haqqında nə vaxt razılığa gəlinəcək?

– Bəli, daha əvvəl də qeyd etdiyim kimi, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi sahəsində İran-Azərbaycan əməkdaşlığı 2016-cı ildə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman həyata keçirildi. Bu bəndin ən qısa müddətdə istismarı ilə əlaqədar haqlı olaraq qeyd etdiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev cənab Seyid Abbas Əraqçi ilə görüşü zamanı bu bəndlərin istismarını sürətləndirmək üçün işçi qruplarının yaradılmasının vacibliyini vurğuladı. Bu işçi qrupları arasında danışıqlar artıq başlayıb və davam etdilir.

Ümid edirəm ki, uca Allahın köməyi ilə bu mövzuda son addımları tezliklə görəcəyik və bu bəndlərin istismarı ilə bağlı müjdələr çox yaxın gələcəkdə sizin tərəfinizdən yayımlanacaq. Bu məsələlərin həlli ilə əlaqədar İran tərəfdən energetika naziri cənab Ərdəkaniyan və Azərbaycan tərəfdən baş nazirin müavini cənab Şahin Mustafayev xüsusi nümayəndə olaraq təyin olunublar və onların arasında yaxın gələcəkdə görüş baş tutacaq.

– Artıq üç aydan çoxdur ki, Azərbaycandasınız. Bu müddət ərzində ölkəmizin hansısa bölgələrinə səfər imkanınız olubmu? Bakı ilə bağlı təəssüratlarınız nədən ibarətdir?

– Bakı çox gözəl, təmiz və mənzərəli bir şəhərdir. Bu qısa fürsətdə yalnız Bakı ətrafındakı Mərdəkan kəndini və Hövsan limanlarını ziyarət edə bilmişəm. Hələlik Azərbaycanı gəzmək imkanım olmayıb. Pandemiyanın sona çatması və müharibədən sonra sabitliyin bərqərar olması ilə digər şəhərlərə səyahət etməyi ümid edirəm. Fəaliyyətə başladığım bu üç ayda əsas diqqətim ikitərəfli münasibətləri koordinasiya etməyə və Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyə yönəlib.

– Səfir kimi iki ölkənin münasibətlərinin daha üstün səviyyəyə qalxması üçün hansı təşəbbüsləriniz var?

– İran İslam Respublikasının Azərbaycandakı səfiri olaraq, Bakıdakı missiyamın əvvəlindən iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün əlimdən gələni etdim. Münasibətləri, xüsusən də iqtisadi sektorda əlaqələri genişləndirmək və gücləndirmək üçün bəzi maneələri müəyyənləşdirməklə mövcud bürokratik əngəlləri aradan qaldırmağa çalışacağam və hər iki tərəfin fikirlərini yaxınlaşdıraraq iqtisadi əlaqələrdə, xüsusilə nəqliyyat, gömrük və ortaq layihələrin həyata keçirilməsi sahəsində inkişaf əldə etmək üçün zəmin hazırlayacağam.

Azərbaycandakı dostlarım mənə deyirlər ki, sizin Azərbaycan Respublikasına gəlməyiniz düşərli və ayağınız yüngül oldu, çünki 30 ildən sonra işğal olunmuş ərazilərimiz azad oldu. Onlar zarafatla deyirlər ki, kaş 10 il bundan əvvəl ölkəmizə gələydiniz. Mən də bildirirəm ki, İranın ilk seyid (Həzrət Məhəmməd Peyğəmbərin (s) nəvələrindən) səfiri olaraq ayağımın həm sizin ölkəniz, həm də öz ölkəmiz üçün düşərli və yüngül olacağına, yeni dövrdə hər iki ölkədə, xüsusilə ikitərəfli münasibətlərdə yaxşı və müsbət hadisələrin baş verəcəyinə görə çox sevinirəm.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər