31 Dekabr 2020 21:23
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Azərbaycan əsgəri Yeni ili Şuşada qeyd edir. Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü yoxdur. Bütün dövlət sərhədimizə özümüz nəzarət edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

O bildirib ki, 2020-ci il insanlıq tarixində uzun zaman yadda qalacaq, Azərbaycan üçün isə ən gözəl illərdən biri kimi tarixə düşəcək: “2020-ci ildə əzbərlər pozuldu, özümüzü dərk edəndən bəri hər il təkrarladığımız mənliyimizə toxunan cümlələr də tarixə qovuşdu. Az qala 30 ildir hər dəfə, “torpaqlarımızın 20 faizii düşmən tapdağındadır, 1 milyon qaçqın və məcburi köçkünümüz var”, deyirdik, hər yeni il qabağı və ya bayram məclislərində, “İnşallah gələn yeni ili Şuşada, Qarabağda qeyd edək” kimi, artıq zamanla formallığa çevrilən sağlıqlar deyirdik – bütün bu əzbərlər, rəqəmlər pozuldu. Azərbaycan olaraq 2020-ci ildə əsgərimiz və ordumuzun bilək gücü, dövlətimizin qurduğu hüquqi və faktiki ittifaqlarla böyük uğurlara imza atdıq, ilk dəfə idi ki, məhz bir mövzu – Qarabağ ətrafında daxildə də böyük ittifaq quruldu, bunun da hərbi qələbədə böyük rolu oldu və bu gün Azərbaycan əsgəri Yeni ili Şuşada qeyd edir!

2021-ci ilə qədəm qoyuruq, artıq bütün dövlət sərhədimizə (bir tək “Laçın koridoru” adlanan baş bəlamızdan başqa) özümüz nəzarət edirik – 127 km İran, 400 km-ə yaxın Ermənistan sərhədini işğaldan qurtardıq, bu, çox vacibdir, dövlət müstəqilliyinin atributlarından biri də sərhədlərə nəzarət etməkdir”.

Ekspert onu da vurğulayıb ki, artıq Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü yoxdur: “Cəmi 250 minə yaxın qaçqınımız var ki, onlar da zaman gələndə indiki Ermənistan ərazisindəki öz dədə-baba torpaqlarına mütləq qayıdacaqlar, növbəti ən böyük hədəflərimizdən biri bu olmalıdır. Cəmi 50 minə yaxın məcburi köçkünümüz var ki, hələ onlar Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə qayıda bilmirlər. Amma 2021-ci ildə hədəflərimizdən biri də ən azı Xocalıda bərpa işlərinə başlayaraq köçkünləri ora qaytarmaq olmalıdır.

Artıq 20% torpağmız işğalda deyil, cəmi 3% əzəli torpaqlarımıza hələ ki, tam nəzarət edə bilmirik, amma 17% işğaldan təmizlədiyimiz Ana Yurdumuz var – möhtəşəm hərbi nailiyyətdir. Deməli, növbəti hədəfimiz 3% rus-erməni nəzarətində qalan torpaqlarımızda yavaş-yavaş, güllə atmadan, yeni müharibələrə rəvac vermədən, siyasi və diplomatik yolla suverenliyimizin bərpası olmalıdır. Artıq məhz biz sülh carçısına çevrilməli, regionda sülhdən biz danışmalıyıq. Çünki 2020-də konfiqurasiya dəyişdi, hərbi qələbə sülh məsələsində bizi önə çıxartdı”.

Natiq Cəfərli deyir ki, dünya azərbaycanlılarının böyük əksəriyyəti Qarabağ, işğalın son verməsi, Ordunun əməliyyatları məsələsində həmrəy oldular: “Bu, bir daha sübut edir ki, həmrəylik etnik və ya vətəndaşlıq məsələsi deyil, mövzu məsələsidir. Biz ümummilli mövzularda həmrəy ola bilirik – bu möhtəşəm yeni səviyyədir. Həmrəylik mövzu məsələsidir, şəxs-şəxslər deyil də, ancaq mövzular ətrafında həmrəy olmaq, ittifaqlar qurmaq olar, bunun üçün isə “özrəy” olmaq vacibdir. Yəni, öz fikri, rəyi, düşüncəsi olan maraq qruplarının olması vacibdir. Gələcəkdə elə daxili və xarici məsələlər olacaq ki, yenə iqtidarlı-müxalifətli xalqın böyük hissəsi həmrəy olacaq, elə mövzular açılacaq ki, həmrəylik Qarabağ məsələsində olduğu kimi orqanik formalaşacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər