Keçmiş Ermənistan prezidenti Serj Sarkisyan dinc əhaliyə qarşı silah işlətməklə bağlı özünün mənfur ifadəsi ilə tarixə düşüb. Bu cinayətkar müsahibəsində bildirmişdi ki, Xocalı soyqırımına qədər azərbaycanlılar elə bilirdi dinc əhaliyə qarşı silah qaldırmayacaqlar. Sarkisyan bu sterotipləri qırdıqlarını açıqlamışdı. Bu Sarkisyanın o dövrdən günahsız insanlara qarşı hərbi cinayətlər törədən biri olduğunu isbatlayır. Onun 44 günlük müharibənin gedişində erməni ordusunun “İsgəndər” raketlərindən istifadə etməməsi ilə bağlı fikirləri da tamamilə absurddur. Erməni hərbi rəhbərliyi Azərbaycanın dinc şəhərlərini raket zərbəsinə məruz qoyub. Gəncə, Bərdə Tərtər müharibə zonasına aidiyyatı olmayan şəhərlərdir. Orada dinc əhalini hədəf almaq ancaq hərbi cinayətkarların düşüncəsi ola bilərdi.
Bunu Teleqraf.com-a Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Onun fikrincə, Bərdəni, Siyəzəni və digər strateji obyektləri hədəf alanlar erməni hərbi rəhbərliyi olub: “Sarkisyan bu məsələ ilə bağlı fikirləri sadəcə özünə dəstək qazanmaq istəyinə əsaslanır. Müharibənin gedişində ermənilər “İsgəndər” rajet sistemlərindən də Azərbaycana qarşı istifadə edib. Ancaq Azərbaycan Ordusunun hava hücumundan müdafiə sistemləri ermənilərin atdığı raketlərin əksəriyyətini havadaca məhv etdi. Ordumuz düşmənin S-300 və digər uzaqmənzilli raket sistemlərini siradan çıxardıb”.
Komitə üzvü Sarkisyanın Horadizi niyə vurmadıq məsələsinə də aydınlıq gətirib: “Ermənilər Azərbaycana qarşı bütün cəbhələrdən hücüm etməyə çalışdı. Amma qarşısındakı müasir, modern və güclü bir Ordu ilə döyüşmək qabiliyyətinin olmaması onları məhvə apardı. Ordumuza qarşı təşkil olunan bütün hədəflər darmadağın edildi”.
Elman Məmmədov ötən ilin iyulunda Tovuz istiqamətində ermənilərin Azərbaycan ərazisindən keçən neft və strateji xəttləri vurmaq cəhdlərini xatırladıb: “Amma hər təxribatları onlar üçün ciddi itgilərlə yadda qaldı. Bu gün Sarkisyan və Köçəryanlar özlərini erməni xalqına “qəhrəman” kimi təqdim etməyə çalışır. Guya bunlar dövrünə görə “qəhrəmanlıq” edib. Amma yanılırlar. Azərbaycan Ordusu Köçəryan-Sarkisyanın yaratdığı ordunu darmadağın etdi. Bundan sonra hansısa bir erməni silah götürüb Azərbaycan qarşı döyüşə gəlməsi mümkün görünmür”.
Deputat sarkisyanların, köçəryanların bu cür situasiyalardan istifadə edərək siyasi hakimiyyəti ələ almağa can atdıqlarını söyləyib: “Amma erməni xalqı yəqin ki, bir daha bu cür cinayətkarlara öz taleyini etibar etməz. Erməni xalqı bundan sonra rahat yaşamaq istəyirsə, qonşuları ilə normal münasibətlər yaratmağa meyl etməlidir”.