26 Fevral 2021 11:47
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xocalıda soyqırım törədən hərbi cinayətkarlar, deyəsən, cinayətlərinin ildönümü günü Ermənistanda hakimiyyəti ələ keçirməklə tarix yazmaq istəyirdilər. Əlbəttə, təkbaşına yox, elə həmin Xocalı cinayətindəki şəriklərinin dəstəyilə...”

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Ermənistanda baş verən son hadisələrə diqqət çəkib:

“Hər kəsə aydındır ki, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi şimaldakı ağalarından “dobro” almadan baş nazirin istefasını tələb edə bilməzdi. İlk baxımdan anlaşılmayan bircə məqam budur ki, şimal niyə belə bir axmaq ssenariyə tələskən “yaşıl işıq” yandırdı. Bu günlərdə müsahibələrimin birində demişdim ki, Rusiya tələsir, onun indi çoxgedişli incə ssenarilər qurmağa vaxtı yoxdur.

Dinamit yerləşdirilib və onun saat mexanizmli detonatoru da artıq işə salınıb. İndi zaman amansızcasına Rusiyaya qarşı işləyir.

Elə həmin müsahibəmdə bunu da vurğulamışdım ki, Qarabağdakı sarsıdıcı hərbi məğlubiyyət Ermənistan əhalisinin böyük bir hissəsi üçün ”ayıldıcı şapalaq” oldu və dünən ermənilərin öz məğlub baş nazirini kütləvi dəstəkləməsi bunu bir daha sübut etdi. Moskva Paşinyanı mütləq kənarlaşdırmalıdır, çünki xalq tərəfindən seçilmiş və dəstəklənən lider onun üçün təhlükəli presedentdir”.

Ərəstun Oruclu qeyd edib ki, öz revanşist vassallarını Ermənistanda hakimiyyətə qaytarmaq istəyən Rusiya onlar üçün mütləq hər hansı kiçik qələbələri də təmin etməlidir:

“Əks-halda ermənilərin oğru-quldur, cinayətkar kimi yaxşı tanıdığı köçəryanların, sərkisyanların və manukyanların hakimiyyətə gəlsələr belə olimpdə uzun müddət qalmaq şansı olmayacaq. Aydındır ki, söhbət Qarabağda qələbədən gedir. Bu da o deməkdir ki, bu gün biz daha ayıq-sayıq və diqqətli olmalıyıq”.

Ekspert bildirib ki, hələlik ermənilərin əksəriyyəti Azərbaycan xalqının qanına bulaşmış cinayətkarların revanşizminə qarşı çıxırlar: “Təbii ki, heç də onların azərbaycanlılara qarşı törətdiyi cinayətə görə yox, onların ermənilərin özlərinə qarşı törətdikləri bunun üçün kifayət edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər