27 Fevral 2021 11:28
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin jurnalistlərlə videoformatda keçirdiyi mətbuat konfransı dünya tarixinə düşdü. Britaniyalı jurnalistin qeyd etdiyi kimi dünyada bir ilk idi ki, bir ölkə Prezidenti 4 dildə 4 saatdan çox müddətdə jurnalistlərin suallarını cavablandırırdı. Həm də təmkinlə, sərrast və çox əhatəli şəkildə. Mətbuat konfransda iştirak edən 35 jurnalistin ünvanladığı suallar müxtəlif formatlarda olub. Cənab Prezidentin cavabları regiondakı yeni reallığı, gələcək perspektivləri və imzalanmış üçtərəfli bəyanat ətrafında olub. Eyni zamanda Ermənistana, dost ölkələrə, ermənilərin havadarlarına mühüm mesajlar verilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin verdiyi müsahibələr müharibə və indiki informasiya mübarizəsi şəraitində qələbəmizi təmin edən amillərdəndir:

“Ölkə rəhbərinin müharibə dövründə verdiyi müsahibələr mövcud reallıqları, apardığımız haqq işini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, kənar, yersiz müdaxilələrdən qoruyub. Ötən gün keçirilən mətbuat konfransı dünya tərəfindən maraqla izlənib. Prezident İlham Əliyev mətbuat konfransda ölkəmizin mövqeyini bir daha ortaya qoyub”.

Deputat bildirib ki, əgər Ermənistan bundan sonra özünü ağıllı apararaq, səmimi qonşuluq münasibətlərinə başlayarsa, bu onlar üçün yeni səhifənin başlanğıcı ola bilər:

“Əks halda 30 ildə olduğu kimi yenə də proseslərdən kənar qalacaqlar. Azərbaycan isə dünyaya inteqrasiya edir. Bu həm region ölkələrinin, həm də ölkəmizin iqtisadi inkişafına töhfələr verir”.

Azər Badamova görə, Cənab Prezidentin keçirdiyi mətbuat konfransı ölkəmizi yeni reallıqda dünyaya təqdimat baxımından əhəmiyyəti olacaq.


Müəllif: Tapdıq Qurbanlı