1 Aprel 2021 22:54
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Videokonfrans vasitəsilə keçirilən Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, ötən dövr ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib: “Bu dövr ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Budəfəki qeyri-formal Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb”.

Millət vəkilinin sözlərinə görə, Şuranın Bakıda keçirilmiş VII Zirvə Görüşü mühüm önəmə malikdir: “COVID-19 pandemiyasına həsr olunmuş Zirvə Görüşündən sonra Azərbaycanın sədrliyi dövründə dövlət başçılarının üçüncü görüşüdür. Bu, Azərbaycanın təşkilata sədrliyini xarakterizə edən əlamətdar məqamlardan biri idi. Azərbaycanın sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf etsə də, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində ardıcıl səylər göstərilib”.

Deputat Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərin əhəmiyyətinə toxunub: “Vətən müharibəsi və ərazi bütövlüyümüzün bərpası diqqətə çatdırılıb. Ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktlarından bəhs edilib. Cənab Prezident Vətən müharibəsində Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirib. Zirvə Görüşündə üzv dövlətlər Azərbaycan ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib. Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlanıb”.

Millət vəkilinə görə, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyini bildirməsi xüsusi məmnunluq doğurur: “Çünki biz Vətən müharibəsində Türkiyənin qardaşlıq dəstəyini hər zaman hiss etdik. Zəngəzurdan keçəcək, Naxçıvan və Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq. Bu amil türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək.

Zirvə Görüşünün yekun bəyannaməsi üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunması ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da xarakterizə olunur. Türk Şurasına üzv ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə edib, Ermənistan və Azərbaycan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər. Bütün bunların fonunda türk dövlətlərinin birliyi qürurvericidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər