4 İyun 2021 17:28
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar üzvü olduğu beynəlxalq media təşkilatlarına - Dünya Xəbər Agentlikləri Konqresinin (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinin (UNA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Ərəb Ölkələri Xəbər Agentlikləri Təşkilatının (FANİA), bu təşkilatlara üzv olan agentliklərin və digər beynəlxalq media qurumlarının rəhbərlərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların xəritəsinin verilməsi barədə təkidli tələblərinə baxmayaraq, Ermənistan bundan israrla boyun qaçırır, müraciətlərə məhəl qoymur. Üstəlik, Azərbaycan ərazilərinə soxulan erməni diversant qrupları yaşayış məntəqələrinə və keçid yollarına yeni minalar basdırırlar. İnsanlıqla bir araya sığışmayan bu məkrli hərəkətlər nəticəsində mülki insanlar həlak olur, yaralanır. Növbəti faciəvi hadisə iyunun 4-də baş verib. Bu dəfə erməni təxribatının qurbanı jurnalistlər olublar.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər. İçərisində jurnalistlərin olduğu nəqliyyat vasitəsinin yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov, həmçinin onları müşayiət edən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Ağır yaralanan 4 nəfər xəstəxanaya yerləşdirilib.

AZƏRTAC dünya mediasının, beynəlxalq və regional jurnalist təşkilatlarının rəhbərlərini Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, etiraz səslərini ucaltmağa çağırır. Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, azad sözə, jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır. Ümid edirik ki, dünya mediası və beynəlxalq jurnalist təşkilatları buna biganə qalmayacaqlar”.

Müraciətdə diqqətə çatdırılır ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya dəstələri Ermənistan-Azərbaycan dövlət sərhədində, o cümlədən Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərirlər. İlkin ehtimala görə, jurnalistlər həmin diversantlar tərəfindən basdırılmış minaya düşüblər. Baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub.

“Sizi bir daha Ermənistanın beynəlxalq hüququn normalarına zidd əməllərini, öz xidməti vəzifəsini yerinə yetirən media işçilərinin, həmçinin digər mülki şəxslərin erməni terrorunun qurbanı olmasını pisləməyə, jurnalist həmrəyliyi nümayiş etdirməyə çağırırıq”, - deyə müraciətdə vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər