Türk Dövlətləri Təşkilatının Baş Katibliyi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayan bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, təşkilatın Baş Katibliyi bəyanatda 10 noyabr 2020-ci il tarixli Üçtərəfli razılaşmanın icra prosesinin davamı kimi Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayıb.
“Türk Dövlətləri Təşkilatı qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirir.
Türk Dövlətləri Təşkilatı diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması işinə xidmət edəcək Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir”, - bəyanatda əlavə olunur.