31 Dekabr 2022 15:10
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistana “böyük bacılıq” edən Fransanın Azərbaycan əleyhinə fəaliyyəti heç bir nəticə vermir”.

BMT Təhlükəsizlik Şurasında Fransanın Azərbaycan əleyhinə yönəlmiş təşəbbüsünün rədd edilməsini Teleqraf.com-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov belə deyib.

Deputat bütün səylərinə baxmayaraq, Fransanın hər dəfə diplomatiya meydanında Azərbaycana biabırçı şəkildə məğlub olduğunu bildirib:

“Ermənistanın Fransa adlı bir “böyük bacı”sı var. Bu “böyük bacı” öz “kiçik bacı”sına olan “sevgi”si naminə beynəlxalq hüququn norma və prinsiplərini ayaqları altına ataraq tapdalayır. Bu “müəmmalı sevgi”nin ağır nəticələri isə beynəlxalq hüquqa zərbədir. Bu isə bu gün beynəlxalq hüququn beynəlxalq siyasətdən çıxarılması anlamına gəlir.

Beynəlxalq hüquq işləməyən yerdə xaos başlayır. Təəssüflə deyirəm ki, bu gün beynəlxalq xaosun yaranmasında Fransanın müstəsna “xidmət”ləri var. Buna Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının gedişatında da bir daha əmin oluruq.

Bilirsiniz ki, noyabrın 15-də Fransa Senatı, həmin ayın 30-da Fransa Baş Assambleyası anti-Azərbaycan qətnamələri qəbul etdi. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan əleyhinə bəyanatlar verdi, Ermənistanın yanında dayandığını bildirdi. Bundan sonra yenə də Fransanın təşəbbüsü ilə azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti institutlarımızın ermənilərin növbəti qanunazidd addımlarına, ekoloji terror fəaliyyətlərinə qarşı etirazlarına cavab olaraq, BMT Təhlükəsizlik Şurasında məsələ qaldırdı, Azərbaycanı sanksiyalarla hədələdi. Amma bu cəhdlər heç bir nəticə vermədi.

Fransanın təşəbbüsləri ona görə nəticəsiz sonuclanır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin olduqca uğurlu xarici siyasət kursu var. Dünyada Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyırlar.

Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı ikinci cəhdi də uğursuz oldu, bundan da nəticə çıxmadı. Bu da onun sayəsindədir ki, dünyada Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin sayı artır. Azərbaycan qalib dövlət və qalib xalqdır, onun müzəffər prezidenti var. Dünya bu reallığı qəbul edir”.

Elman Nəsirov Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin sayının artdığını bildirib və BMT Təhlükəsizlik Şurasında Fransanın ölkəmiz əleyhinə yönəlmiş təşəbbüsünün Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya tərəfindən rədd edilməsinə diqqət çəkib:

“Fransa indi növbəti uğursuzluğa düçar oldu. Baxmayaraq ki, Makron doğum günündə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edir, digər yandan isə Laçın yolu ilə bağlı haqq işini davam etdirən ölkəmizi bundan çəkindirməyə çalışır.

Azərbaycan heç kimi blokadaya almayıb, ərazilərimizə qanunsuz hərbi daşınmaların qarşısını kəsib. Bizim mülki insanlarla işimiz yoxdur, humanitar missiya reallaşdırılırsa, buna mane olmuruq. Hər şey gün kimi aydındır. Amma nə edək ki, bu gün dünyada beynəlxalq hüquq işləmir. Hüququn gücü yox, gücün hüququ işləyir, reallıq budur.

Başqa bir reallıq isə budur ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa dünyanın ən böyük və ən universal təşkilatında Azərbaycan əleyhinə yönəlmiş təşəbbüsünü qəbul etdirə bilmədi. Bu, Azərbaycanın gücünün və potensialının göstəricisidir, eyni zamanda, dünyada Azərbaycanın dostlarının kifayət qədər çox olduğunu təsdiqləyən bir faktdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər