ABŞ Dövlət Departamenti İranın Azərbaycan sərhədindəki son təxribatına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, sözügedən qurumun sözçüsü Ned Prays İranın uzun müddətdir bölgədə bədniyyətli oyunçu olduğunu deyib.
“Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir regionda pisniyyətli oyunçudur. Həm yaxın, həm də uzaq qonşularını təhdid edən təxribatçı fəaliyyətlərlə məşğul olur. Ona görə də biz bu cür gərginliyi narahatlıqla izləyirik”, - ABŞ rəsmisi bildirib.
Bundan əlavə, Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ-ın mövqeyi Ermənistan və Azərbaycanla əməkdaşlıq yolu ilə münaqişələrdən azad, daha stabil Cənubi Qafqaz yaratmaqdır.
Ötən həftə İranın hərbi təyyarəsi Azərbaycan sərhədi yaxınlığında uçuş həyata keçirib. Rəsmi Bakı təxribata görə Tehrana etiraz notası verib.