3 Aprel 2023 18:55
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu, 3 saylı uşaq evinin 16 yaşlı sakinini sosial şəbəkələrdə kimsəsizlər evində baş verən qanunsuzluqları, uşaqlara ayrılan ərzaqların keyfiyyətsizliyi və oğurlanmasını dilə gətirəndən sonra tanıdı.

Uşaq evindəki təminatdan şikayət etdikdən sonra, onun Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirməsi də cəmiyyətdə qıcıq yaratdı.

Barəsində məlumatlar səngiməyən yeniyetmənin intihara cəhd etməsi də gündəmə çevrildi. Sonradan Psixiatriya Xəstəxanası videonun çoxdan çəkildiyini və onlarla heç bir əlaqəsinin olmadığını açıqladı.

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Teleqraf.com-a açıqlamasında, yeniyetmənin intihar etmə videosunun köhnə olduğunu deyib.

O, məsələ ilə bağlı açıqlamanı Səhiyyə Nazirliyi, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin verməli olduğuna da toxunub: “Bakı Şəhərində yerləşən uşaq evləri şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir. Onların dolğun açlıqlaması olsaydı, bu gün cəmiyyətdə belə bir ajiotaj yaranmaz, narahatlıq olmazdı. Təəssüf ki, aidiyyəti qurumlar gözləyirlər aləm dəysin bir-birinə, ondan sonra açıqlama versinlər.

Hazırda o, uşaq müalicə alır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş oldu, qardaşının və uşağın özünün razılığı ilə xəstəxanaya yerləşdirildi. Bu məsələni bu həddə çatdırmaq lazım deyildi. Əlbəttə, boşluqlar, problemlər var, biz də bunu görürük və bu barədə danışırıq”.

Mərkəz rəhbəri bu tip problemləri olan xəstə uşaqların monitorinqini aparmağın vacibliyini vurğulayıb: “Cəmiyyət uşağın xəstəxanaya yerləşdirilməsini cəza olaraq görür. Bu, qıcıq doğurur. Əgər bu uşağın psixi problemləri varsa, müalicə almamalıdır? Uşaq müəssisələrində travma yaşamış yeniyetmələr var. Onlar özlərini daim atılmış hiss edirlər. Düşünürlər ki, bütün dünya ona qarşıdır. Belə uşaqlarla iş aparmaq lazımdır. Ən ciddi problem bu cür uşaq müəssisələrində peşəkar psixoloqların sayının az olmasıdır. Bəlkə də zamanında o uşaqla işləyən olsaydı, bu həddə gəlib çatmazdı”.

Müsahibimiz ehtimal edir ki, yeniyetməni buna sövq edən kimlərinsə olması ehtimalı da mümkündür: “Ola bilsin, yeniyetmənin qaldığı məktəblə kiminsə qərəzi var. Sözsüz, uşaq evində baş verən hadisəni qınayıram, belə olmamalıydı. Amma məsələyə bir qədər dərindən baxıb, sui-istifadə hallarının olub-olmamasını analiz etməkdə fayda var”.

Onun sözlərinə görə, yeniyetmə bundan öncə də Psixiatriya Xəstəxanasında müalicə alıb: “Aidiyyəti qurumlar nə qədər ki, cəmiyyətə birbaşa məlumat vermir, bu məsələ böyüyür. Çox güman ki, uşaq evində müəyyən boşluqlar var. Amma bu insan illərdir o müəssisəyə rəhbərlik edirdi, bu şeylər birdən-birəmi baş verdi?!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər