“Ermənistanın arxalandığı nə İran, nə Rusiya, nə də Fransa Azərbaycanı dayandıra bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan hökumətinin Azərbaycanla sülh sazişini imzalamaqdan yayındığını söyləyib:
“Ermənistan höküməti “Qarabağ şərti” olmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdırsa, niyə bu məsələ uzanır? Baş nazir Nikol Paşinyan İkinci Qarabağ Müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxışlar edib, ancaq ortada yenə də sülh sazişi yoxdur. Çünki Paşinyan dediklərini etmir, sözü ilə əməli üst-üstə düşmür, müxtəlif dövlətlərin və güc mərkəzlərinin dəstəyinə arxalanaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədə müqavimət göstərir.
Paşinyan onu da anlayır ki, İran, Rusiya və ya Fransa olsun, həmin güc mərkəzlərindən aldığı dəstək Azərbaycanı durdurmur, sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır. Azərbaycan sərhəddə istehkamlar qurur, strateji yüksəkliklərdə möhkəmlənir, təxribatlara adekvat cavab verir”.