“Baş separatçı Araik Arutyunyan Laçında sərhəd-buraxılış məntəqəsindən keçərkən saxlanılmalı və həbs edilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Araikin 44 günlük müharibədə Azərbaycana qarşı hərbi cinayət işlədiyini və bunu da özünün etiraf etdiyini bildirib:
“Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsi qoyulduqdan sonra ərazimizə qanunsuz keçidlərin qarşısı alındı. Xüsusən də ölkəmizə fitnə-fəsad törətməyə gələn Ermənistan vətəndaşlarının. Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edərək, təxribatlar törədirdi.
Ermənistan da öz tərəfində sərhəd-buraxılış məntəqəsi qurub. Hesab etmək olar ki, Ermənistan bundan sonra öz vətəndaşlarının Qarabağa keçidinə imkan verməyəcək.
Azərbaycan Laçın yoluna nəzarəti bərpa etməklə, İrəvanın separatçı planlarının və hərbi təxribatlarının qarşısını qətiyyətlə aldı.
Hesab edirəm ki, Türkiyədəki seçkilərdən əvvəl Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın növbəti strateji uğurudur, bu, həm də separatizm üzərində parlaq qələbədir. Bunu Qarabağda separatizmi bitirəcək, bütün ərazilərimizdə suverenliyimizin bərpası yönündəki ciddi və tarixi gəlişmə kimi qəbul etmək lazımdır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Xankəndidəki separatçıların Ermənistana sərbəst gediş-gəlişinin qarşısını almaq qaçılmaz idi.
“Azərbaycan xalqına və suverenliyimizə qarşı hərbi cinayət işləmiş Araik Arutyunyan beynəlxalq axtarışa verib. İkinci Qarabağ Müharibəsində ölkəmizə qarşı hərbi cinayətlərinə görə barəsində cinayət işi açılıb. Buna görə də, Arutyunyan sərhəd-buraxılış məntəqəsindən keçərkən saxlanılmalı və həbs edilməlidir. Əks təqdirdə, cəzasızlıqdan istifadə edərək, ölkəmizə qarşı təxribatlarını və separatçı fəaliyyətlərini davam etdirəcək”, - politoloq vurğulayıb.