12 İyul 2023 16:45
45 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) dünyanın digər ölkələrində hansı qaydada işlərsə, Azərbaycanda da eyni davranışlara ciddi əməl etsin”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Mahir Abbaszadə ötən gün "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində üzərində BQXK-nın loqosu olan maşınlarda qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın yolundan istifadələrinə icazə verdi: “Bölgədə fəaliyyət göstərən rus sülhməramlıları da bu yolun mühafizəsini həyata keçirirdilər. Sonrakı mərhələlərdə gördük ki, Laçın rayonu ərazisindən keçən bu yoldan ermənilər hərbi məqsədlər üçün istifadə edirlər. Bunun qarşısını almaq üçün Azərbaycan öz ərazisində sərhəd –buraxılış məntəqəsinin təşkilini həyata keçirdi. Beləliklə, Xankəndiyə və digər ətraf ərazilərə gediş-gəliş tamamilə nəzarət altına alındı. Bundan sonra yolun ancaq humanitar məqsədlər istifadəsi açıq elan olundu.

Qarabağda yaşayan ermənilər səfərlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin iştirakı ilə həyata keçirməyə başladılar. Bu onu göstərir ki, ermənilərin humanitar məqsədlərlə Qarabağa gediş-gəlişində heç bir problem yoxdur. Amma təəssüflər olsun ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçirdiyi əməliyyat onu göstərir ki, BQXK-nin maşınlarında cinayət əməlləri törədilir. Bu cinayət əməllərinin motivində qanunsuz yanacağın, siqaretlərin, telefonların və digər əşyaların Qarabağa daşınması dayanır. Təbii ki, bu qanunsuzluğun qarşısı DSX tərəfindən alınır”.

Mahir Abbaszadə qeyd edib ki, əvvəllər BQXK-nin nümayəndələri Azərbaycanı guya bu ərazilərdə humanitar məsələləri həyata keçirilməyə icazə verməməkdə qınayırdılar: “Amma son hadisələr göstərir ki, ermənilər məhz BQXK-nin bayrağı altında öz çirkin əməllərini həyata keçirməyə cəhd göstəriblər. Belə olan təqdirdə təbii ki, Azərbaycanın bir yolu qalır, o da öz sərhədində ciddi dayanması.

Bu hadisələri törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Onlar haqqında hüquqi müstəvidə ölçü götürülməlidir ki, gələcəkdə Azərbaycanın sərhədlərində qeyri-qanuni davranışlara bir də cəhd olunmasın.

Məndə olan məlumatlara görə, artıq BQXK-nin rəhbər şəxsləri "Telegram" kanallarında baş vermiş hadisələrin fakt olduğunu etiraf ediblər. Doğrudur, onlar bəzi bəhanələr gətirilər ki, guya bunu erməni sürücülər edib və onlar dərhal işdən azad edilib. Amma bütün bunlar qurumu məsuliyyətdən uzaqlaşdırmır. İstəyimiz ondan ibarətdir ki, BQXK dünyanın digər ölkələrində hansı qaydada işlərini davam etdirirsə, Azərbaycanda da eyni davranışlara ciddi əməl etsin.

Azərbaycan hüquqi dövlətdir, ölkə ərazisində yaşayan insanların milliyyətindən, dilindən, dini etiqadından asılı olmayaraq hər bir şəxs qanunlarımız qarşısında eyni hüquq və bərabərliyə malikdir.

Düşünürəm ki, DSX növbəti vaxtlarda da bu işlərə daha ciddi şəkildə nəzarət edəcək. Heç bir bayraq altında Azərbaycan ərazinə qeyri-qanuni əşyaların və digər vasitələrin daşınmasına yol verilməməlidir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər