“44 günlük müharibədə bizi “Qalib gəlirik” şüarı ilə aldatmışdılar, yenə həmin yalanı işə salıblar”.
Teleqraf.com xəbər verir ki, bunu erməni “Qara Pantera” terrorçu qruplaşmasının lideri Serob Qasparyan deyib.
Qruplaşma rəhbəri şərti sərhəddə son qarşıdurma zamanı Azərbaycan ordusunun ağır itki verməsi barədə Ermənistan mediasında yayılan məlumatın yalan olduğunu bildirib:
“Bütün bunlar 44 günlük müharibədə “Biz qalib gəlirik” şüarına bənzəyir. O vaxt da xəbər yayılmışdı ki, qoşunlarımız artıq Çaykəndə, Goranboya daxil olur, Kürə çatmışıq, amma yalan idi. İndi də bunu haradan çıxarıblarsa, bilmirəm, amma bu da yalandır”.
Qasparyan belə dezinformasiyaların daha çox sosial şəbəkələrdə yayıldığını, məqsədin də “layk” yığmaq olduğunu söyləyib:
“Biri qərara gəlir ki, “layk” yığsın, pul qazansın. Hamısı budur. O insanlar Azərbaycanın informasiya müharibəsinin əsgərinə çevriliblər. Azərbaycan tərəfi çox yaxşı işləyir”.
Qruplaşma lideri 44 günlük müharibədən sonra Azərbaycan ordusunun Ermənistanla müqayisə edilməyəcək qədər çox gücləndiyini də vurğulayıb. Bununla belə, Qasparyan Azərbaycanla genişmiqyaslı müharibənin olacağına inanmır.