Nikol Paşinyanın təklif etdiyi səviyyədə ərazi mübadiləsi mümkün deyil. Yəni Ermənistanın özünün saydığı torpaqlar zamanında Ermənistana əssasız şəkildə verilmiş Azərbaycanın halal torpaqlarıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Azərbaycanın hansısa torpaqlarını öz ərazisi ilə mübadilə etməsi mümkün deyil:
"Azərbaycanın bu gün Ermənistan ərazisində anklav şəklinə düşmüş kəndləri var. Burada əsas sual ondan ibarətdir ki, niyə bu ərazilər Azərbaycanın torpağı ola-ola Ermənistan ərazisi sayılan torpaqlardan keçib, Azərbaycan kəndlərinə gedir. Bu, necə baş verib? Bu sualın cavabı tapılmalıdır.
Dolayısı ilə Nikol Paşinyan bunu iddia edir. Bu məsələ ilə bağlı konkret hüquqi sənədlər tələb edir. Nikol Paşinyanın 1975-1991-ci xəritələri çərçivəsində sərhədlərin müəyyənləşməsini istəyir. Heç kim unutmayıb ki, 1989-cu ildə Qazaxda Azərbaycanın Nazirlər Soveti səviyyəsində bəzi otlaq sahələr Ermənistana peşkəş olunmuşdu. Bu da bir dəfəlik yox, müvəqqəti icarə kimi verilmişdi. Həmin zaman Qazax əhalisi ayağa qalxdı. Nazirlər soveti rəsmisinin maşınını çevirib yandırdılar. Bunu Azərbaycanda hər kəs xatırlayır.
Məhz bu ərazilər Ermənistana icarəyə veriləndən sonra bizim ərazilərin əksəriyyəti anklav vəziyyətinə düşdü. Bu sənədləri tapıb çıxarmaq lazımdır. Ərazilər bizə qayıdarsa torpaqlarımızı avtomatik əldə edirik. Bu, həmçinin Nikol Paşinyanın ərazi mübadiləsinin bəhanəsini ortadan qaldırır".
Politoloq bildirib ki, Paşinyan 44 günlük müharibədən sonra son üç il müddətində Azərbaycanın təklif etdiyi heç bir məsələylə razılaşmayıb:
"Məhz bunun nəticəsidir ki, Azərbaycan birtərəfli qaydada bu prosesi irəliyə aparmaq üçün konkret qərarlar qəbul etmək, addımlar atmaq məcburiyyətində qalıb. Silah-sursatların qanunsuz şəkildə Laçın dəhlizi vasitəsi ilə Ermənistana ötürülməsi məsələsi vardı. Xəbərdarlıqlara rəğmən Ermənistan bu məsələdən vaz keçmədi. Azərbaycan sərhəd keçid-məntəqəsini yaratdı. Bu da çox strateji bir addım idi.
10 noyabr sənədinin dördüncü müddəasında yer alan Qarabağdan qanunsuz erməni silahlı birləşmələrin çıxarılması məsələsi var, bunu da etmədilər. Bu günə qədər Ermənistan rəhbərliyi heç bir məsələyə açıq olmayıb. Baş verən hadisələr bir daha göstərir ki, Azərbaycanın bir neçə saatlıq hərbi əməliyyata ehtiyacı var. Yəni beynəlxalq hüququn özünümüdafiə və işğaldakı torpaqları azad etmək müddəaslndan istifadə edərək iki-üç saatlıq hərbi əməliyyatla bu torpaqlar yenidən Azərbaycanın sərhədləri çərçivəsinə qaytarıla bilər.
Azərbaycan yeni bir ajiotaj və təzyiq mexanizmlərinə bəhanə verməmək üçün hələlik bunu sərhədlərin müəyyənləşməsi prosesində həll etmək istəyir. Ancaq Ermənistan hökuməti bu məsələlərə qarşılıq vermir. Düşünürəm ki, növbəti məcburiyyət Azərbaycanın bir neçə saatlıq əməliyyatı ilə öz həllini tapacaq. Təkcə Qazaxdakı yaçayış məntəqləri yox, Naxçıvanın Kərki kimi strateji kəndi də var. Ya istəyərək qaytaracaqlar, ya da Azərbaycan özü qaytaracaq".