Xarici qüvvələrin İrəvanı təhlükəli geosiyasi oyunlara cəlb etmək cəhdlərini görürük.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Gördüyümüz budur ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Erməni xalqının hislərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından sırf öz maraqları üçün istifadə edirlər. Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Ermənistanın sülh, sabitlik və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, bizim üçün son dərəcə vacibdir”, - Rusiya rəsmisi bildirib.
Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün yaxşı perspektiv var:
“Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsi üçün ilkin şərt var. Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda münaqişələrin azaldılmasında və bu regionun zəngin potensialının üzə çıxarılmasında maraqlıdır, buna 3+3 məsləhətçi regional platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi də kömək edə bilər”.